Müsahibə

“İnsanlara nağıl danışmaq yox, həqiqəti olduğu kimi təqdim etmək istəyirik” – Rövşən Nəcəfov (MÜSAHİBƏ)

“İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfovun “AMVPRESS.AZ” informasiya portalına müsahibə verib.

“İnsanlara nağıl danışmaq yox, həqiqəti olduğu kimi təqdim etmək istəyirik” – Rövşən Nəcəfov (MÜSAHİBƏ)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rövşən Nəcəfov: “İnsanın maddi və mənəvi olaraq qazanc əldə etməsi xərclədiklərindən asılıdır. Qazandıqlarımızın qarşılığı hər zaman itirdiklərimizdir. İmtina etməyi bacarmalıyıq ki, qazana bilək. Əgər bilik və bacarığımız bizi inkişaf etdirmirsə, dağıtmaq lazımdır.”

“İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfovun “AMVPRESS.AZ” informasiya portalına müsahibəsini təqdim edirik.

“İnsan Mühəndisliyi” proqramının ideyası necə yaranıb?

“İnsan Mühəndisliyi” proqramı ideyası müxtəlif ictimai təşəbbüslərin və təlimçilik fəaliyyətinin təcrübələrindən yaranıb. İnsanlara nağıl danışmaq yox, həqiqəti olduğu kimi təqdim etmək istəyirik. Təsadüfün və şansın təqdim etdiklərini əldə etmək deyil, təsadüfə və şansa hazır olmağı tədris edirik. Uğur hekayələri başqalarının nağılıdır. Nağılı danışanlar isə mənə rəhmətlik nənəmi xatırladır. Öz hekayəmizi yaratmalıyıq, başqalarının nağıllarında yaşaya bilmərik.

“İnsan Mühəndisliyi” proqramı nədir? Proqramın məqsədi nədir?

İnsanların xüsusiyyətlərini, gücünü və qabiliyyətlərini müəyyənləşdirən, həmçinin, insan idarəçiliyi, insan seçimi və “keyfiyyətli insan” anlayışını formalaşdıran psixoloji bilik sahəsidir. “İnsan Mühəndisliyi” fərdi və ictimai fikirlərdən qaynaqlanır. Proqramın məqsədi insanların bilik və təcrübələrini tərəzidə ölçmək, aldığı nəticəni isə necə dəyərləndirməyi müzakirə etməkdir. “İnsan Mühəndisliyi” proqramı maarifləndirmə proqramıdır. Biz, insana layihə kimi baxırıq. Layihə necə yazılırsa, insan həyatı da layihə kimi təqdim olunmalıdır. Cəmiyyətdə uğurlu layihələrə ehtiyac olduğu kimi, uğurlu insanlara da ehtiyac var. İnsanlar da gələcək həyatlarını layihənin davamlılığı kimi görməlidirlər.

“İnsan Mühəndisliyi” proqramı kimlər üçün nəzərdə tutulub?

“İnsan Mühəndisliyi” proqramı müxtəlif peşə sahiblərinin şəxsi inkişaf, psixoloji hazırlıq və öz xəzinələrini tapmaqları üçün təlim nümunələri təqdim edir. Təqdim olunan nümunələr cəmiyyətin fərdi və qrup nümayəndələrini müəyyənləşdirir. Həmçinin, şagirdlər və tələbələr üçün gələcək fəaliyyətlərində səhvləri və doğruları müəyyənləşdirmək üçün seçimlər təqdim edir. “İnsan Mühəndisliyi” proqramı peşə seçimi etmir, peşə sahibini seçim edir. Peşəkar olmaq, öz peşəsi ilə töhfə verməyin vacib olduğunu vurğulayır.

“İnsan Mühəndisliyi” proqramı fərdi yoxsa qrup şəklində tədris olunur?

“İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3 hissədə təyin edir. “İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır. Fərdi olaraq təqdim olunan proqram şəxs olaraq imtina etdiklərimiz və ya imtinaya hazır olacaqlarımızı əsas götürür. Bizə nələr və kimlər lazım deyil, biz nələrin və kimlərin yanında olmalıyıq. Həyatın yazılmayan qaydalarını dərk edib, hərəkət etməliyik. Qrup olaraq isə müxtəlif oyun və testlərin yaratdığı mənzərələri bilik olaraq istiqamətləndiririk. Komanda oyununu nümayiş etdirmək, müxtəlif ideyaları reallaşdırmaq üçün komanda olaraq təqdim etmək və inkişaf etdirməkdir.

“İnsan Mühəndisliyi” proqramının iştirakçısı olmuş şəxslər hansı biliklərlə tanış olurlar?

Həqiqət cəm şəkilçisini qəbul etmir. Həqiqət birdir. Həqiqət hiss etdiyimiz xoşbəxtlik anıdır. Bütün məqsədlər həqiqətə xidmət edir. Pul, güc və şöhrət qazanmaq üçün insanların məqsədləri var. Pul, güc və şöhrət qazanmış insan xoşbəxt insandır. Həqiqətə etiraz etsək də, həqiqət olduğu kimidir. Şəxsi həyatımız, iş fəaliyyətimiz və qazandığımız insanlar bizi həyatda var edir. Var olmaq üçün mütləq insan həyatında qazanclar olmalıdır. Biz də həmin qazanclar üçün psixoloji təlimlər təqdim edirik. Qazandıqlarımızın qarşılığı itirdiklərimizdir və ya imtina etdiklərimizdir.

“İnsan Mühəndisliyi” dağıtmaqdır yoxsa yaratmaq?

“İnsan Mühəndisliyi” proqramı həm dağıtmaqdır, həm də yaratmaqdır. İlk olaraq, insanın bilik və bacarıqlarından inkişaf nərdivanı yaratmalıyıq. Öz bilik və bacarığını xərcləməyi bacaran insanlar uğur qazanan insanlardır. İnsanın maddi və mənəvi olaraq qazanc əldə etməsi xərclədiklərindən asılıdır. Qazandıqlarımızın qarşılığı hər zaman itirdiklərimizdir. İmtina etməyi bacarmalıyıq ki, qazana bilək. Əgər bilik və bacarığımız bizi inkişaf etdirmirsə, dağıtmaq lazımdır. Mühəndislik peşəsində olduğu kimi. Uğursuz bina varsa, şəhərin mənzərəsinə mane olursa, insanların yaşamağını məhdudlaşdırırsa, onu dağıtmaq lazımdır. Yenidən həmin ünvanda və ya başqa ünvanda inşa etməyə ehtiyac yaranır. İnsanın fikirləri də elədir. Bizim fikrimiz doğru ünvanda deyilsə və ya doğru ünvana uyğun deyilsə, onu dağıtmaq lazımdır. Dağıdandan sonra nə edəcəyimizi əvvəlcədən bilməliyik.

“İnsan Mühəndisliyi” insanlara hansı istiqamətləri təqdim edir?

“İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir. İnsan stratejik varlıq olduğu üçün onun həyatı ilə bağlı strategiya hazırlanmalıdır. Biz istəyirik ki, insanlar öz həqiqətlərini tapsınlar. Təqdim olunan təlim növləri ilə özlərini dərk etsinlər. Öz güclərinə inansınlar. Öz güclərinə ona görə inansınlar ki, insanın gücü onun həyatı üçündür. Özünə gücün çatmalıdır ki, başqalarına da gücünü sərf edə biləsən. Başqalarına öz gücünü və enerjini xərcləmək üçün öz həqiqətini tapmış olmalısan.

“İnsan Mühəndisliyi” proqramı olaraq insanlar üçün hansı yenilikləri təqdim etmək istərdiniz?

“İnsan Mühəndisliyi” proqramı cəmiyyətə insan mühəndisləri yetişdirməlidir. İnsan mühəndisləri isə müxtəlif sahələrdə yeni bilik və bacarıq metodları hazırlamalıdır. Bütün sahələri əhatə edərək yeni çıxış yolları axtarmalıyıq. Bizim üçün ən böyük dəyər insandır. Hər şey insandan sonra yaranıb. Ona görə də, insanlara və insanlığa xidmət edən hər şey təqdim olunmalıdır. Fərdi və qrup olaraq həqiqəti birlikdə axtarmalıyıq. Niyə yaşadığımızı dərk etməliyik. Kimlərinsə uğurunu müzakirə etmək deyil, öz uğurumuzu yaratmalıyıq. Cəmiyyəti fərdi nümunələr inkişaf etdirir. Müxtəlif maarifləndirici və ictimai layihələr yaratmalıyıq ki, insan mühəndisləri yaransın. “İnsan Mühəndisliyi” proqramı insanların fikirlərini yenidən inşa edəcək.

 

DiasporPress.az