İnkişaf naminə sülh
İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun işə başlaması dünyanın mövcud problem və qayğılarının şəffaf şəkildə dilə gətirilməsi və aydın müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.
Hər gün dəyişən dünyanın bir parçası olan ölkəmizin mövqeyinin ifadəsi və siyasi proseslərdə aktiv iştirakı sözügedən forum çərçivəsində də özünü büruzə verməkdədir. Belə ki, forumun fəaliyyəti əsnasında diqqət yetirilən əsas məsələlər Avropanın aparıcı dövlətlərinin də narahatlığına səbəb olan böhran təhdidi, qida təhlükəsizliyi kimi həlli təxirəsalınmaz operativlik tələb edən istiqamətlərdir. Yaxın gələcəkdə baş verə biləcək qida böhranı ilə əlaqədar miqrantlarla bağlı qayğıların da aktuallığını saxlayacağını labüd edir. Enerji bazarında proqnozlaşdırılması çətin olan vəziyyət isehsalçı-istehlakçı münasibətində tarazlığın pozulmasına səbəb ola bilər ki, bu da öz növbəsində böhranın düşünülən həddi keçə biləcəyi barədə arzuolunmaz fikirlər yaradır. İlkin mərhələdə neft və qaz ixrac edən ölkələr üçün müsbət məqam kimi dəyərləndirilə biləcək qiymət artımının dərin yanaşma zamanı qətiyyən sevindirici bir hal olmadığı meydana çıxır. Beləliklə, dünyanın astanasında olduğu düşündürücü vəziyyəti nəzərə alaraq bölgədə aparıcı mövqeyə sahib olan ölkəmizin və ümumilikdə regionumuzun mümkün təhdidlərdən sıyrıla bilməsi üçün həlli vacib olan məsələlər üzərində müzakirələrin və əməli fəaliyyətin gecikdirilməməsi şərtdir. Məntiqi nəticəyə əsaslanan bütün mühakimələr sadalananların rellaşmasının ilk növbədə Cənubi Qafqazda dayanıqlı sülhdən keçdiyini təsdiq edir. Məlum olduğu kimi otuz ilə yaxın Azərbaycanın ərazi bütövlüyünü sual altına alan işğalçı siyasəti ilə təkcə özünün deyil, bütün bölgənin inkişafını əngəlləyən rəsmi Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmaqla geri çəkildiyini sənəd üzərində təsdiq etdi. Bu əslində illərdir apardıqları yanlış sityasətin dünya səviyyəsində etirafı idi.
Təəssüf ki, dövlətimizin uzun müddət ərzində apardığı sülhməramlı siyasəti qarşı tərəfin doğru yolu tapmasına səbəb olmadı və nəticədə 44 günlük hərbi əməliyyatlar vasitəsilə Azərbaycan ədalətin bərpasına nail oldu. Hər məqamda müdrik yanaşma sərgiləyən dövlət siyasətimiz yenə də regionun və dolayısı ilə dünyanın təhlükəsizliyini nəzərə alaraq Ermənistanın da iştirakı ilə bölgənin inkişafına yönəlmiş layihələrin gerçəkləşməsinə olan maraqlarını irəli sürür. Lakin burada söhbət yalnız Azərbaycan dövlətinin ərazi bütövlüyünü tam mənada qəbul etmiş və ərazi iddialarından birdəfəlik əl çəkmiş, kapitulyasiya aktının şərtlərinə dəqiqliklə əməl etmiş Ermənistandan gedir. Bu günün mənzərəsi isə fərqli görünür. Sözügedən razılaşmanın imzalanmasından il yarım vaxt keçsə də Ermənistan öhdəsinə götürdüyü məslələrlə bağlı fəaliyyətlərin reallaşmasına yumşaq desək həvəsli görünmür. Laçın dəhlizinə müvafiq olaraq Zəngəzur dəhlizinin açılması məsələsi hələ də qeyri-müəyyən bəhanələrlə ertələnir. Belə olan halda birgə yaşayış və normal qonşuluqdan danışmaq mümkünsüz görünür. Azərbaycan tərəfində qıcıq yaratmağa hesablanmış 1991-ci ildə ləğv olunmuş “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi isə revanşist meyllərin əsl simasını göstərir. Lakin erməni tərəfi unutmamalıdır ki, beynəlxalq hüquqa söykənməyən bu cür cəfəng ideyalar ötən illər ərzində ən böyük zərbəni elə Ermənistanın özünə vurmuşdur. İnkişafdan uzaq, münaqişənin bir tərəfi olaraq qalmaq istəyi erməni xalqının deyil, onu əlində oyuncağa çevirən qüvvələrin marağını təmin edir. Bununla yanaşı baş verənlərə humanistliklə yanaşan Azərbaycanın da səbrinin sərhəddi vardır. Dövlət maraqlarımıza və xalqımızın təhlükəsizliyinə təhdid yaradacaq heç bir addım cavabsız qalmayacaqdır. Əgər Ermənistan ərazi iddialarına son qoyduğunu təsdiqləyən bir sülh sazişi ilə Azərbaycanla razılığa gəlməyərək regionun tarixinə bəxş etdiyi qara günlərin sayını artırmaq istəyəcəksə, Naxçıvan Muxtar Respublikasına çıxışın təmin olunmasına dair götürdüyü öhdəliyi yerinə yetirməyəcəksə və ümumilikdə dövlətimizin ərazi bütövlüyünü sual altına alacaqsa Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü sual altına almaqdan başqa çıxış yolu qalmayacaqdır. Bunun Ermənistanın bir dövlət kimi varlığına son qoyulması ilə nəticələnəcək fəlakətlərlə üzləşməsinə səbəb olacağını erməni tərəfi aydın dərk etməlidir. Qoy rəsmi Ermənistan yaxşı düşünsün! İnkişaf və tərəqqiyə təkan verəcək sülh, yoxsa məhvə istiqamətlənmiş əbədi münaqişə.
Suraxanı rayonu, 327 №-li tam orta
məktəbin direktoru Səadət Məmmədova