Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığında yeni təyin olunmuş səfiri Elin Süleymanov ikitərəfli münasibətlərin gələcək perspektivlərinə dair fikirlərini açıqlayıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, E.Süleymanov Britaniyada diplomatik fəaliyyətə yeni başladığını və həddindən artıq sevincli olduğunu dilə gətirib:
“Bu ölkədə vətənpərvər, savadlı və mehriban icma üzvlərimiz, fəallarımız var. Mənim artıq icma nümayəndələrimizlə bir neçə dəfə görüşmək şansım olub və əminliklə deyə bilərəm ki, vətəndən uzaqda yaşamaqlarına baxmayaraq onların hər birinin qəlbi Azərbaycanla bir döyünür. İndiyədək keçirilən tədbir və görüşlərimizdə icma nümayəndələrimizdən çox isti və mehriban münasibət görmüşəm. Buna görə onlara çox minnətdaram.
Britaniyada “Azərbaycan Evi”, “Natavan Qrupu”, “Britaniya Azərbaycanlıları Cəmiyyəti”, “Britaniya Azərbaycanlıları Assosiasiyası” və s. kimi fəal icma təşkilatları fəaliyyət göstərir və onlar həqiqətən də çox faydalı işlər görürlər. Qələbəmizin birinci ildönümü münasibəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova və Cəmiyyətin digər üzvlərinin təşkilatçılığı ilə 5 noyabrda Londondakı “Chelsea Old Town Hall” bələdiyyə zalında “Sülhün Səsləri” adlı möhtəşəm Qala konsert baş tutdu.
Həmin gün zalda olan Zəfər abı-havası və birliyi sözlə ifadə etmək mümkün deyil. Mən fürsətdən istifadə edib həmin konsertin ərsəyə gəlməsində iştirak edən bütün icma fəallarımıza, konsertdə çıxış edən dəyərli musiqiçilərə minnətdarlığımı bildirmək istəyirəm. İcma nümayəndələrimizin hər birinin səmimi vətən sevgisi həqiqətən də insanı ruhlandırır”.
Amerikaya gəlincə, səfir deyib ki, orada da bizim çox dəyərli həmvətənlərimiz, soydaşlarımız yaşayır:
“Xüsusi ilə 2020-ci ilin iyun ayından bəri və Vətən müharibəsi müddətində mən icma üzvlərimizin usanmadan Vətənin, Azərbaycan xalqının yanında olduqlarını, əllərindən gələn qədər Azərbaycana dəstək olduqlarını görmüşəm. Müharibə günlərində dəfələrlə gecə saatlarında keçirilən video-konfranslarda onların səmimi Vətən yanğısının şəxsən şahidi olmuşam. Olduqca xoşbəxtəm ki, ötən il Vətən müharibəsindəki qələbəmizi Amerikadakı icma nümayəndələrimizlə birlikdə qeyd etdik. Mən bir daha onlara Azərbaycana möhkəm şəkildə bağlılıqlarına, maneə və çətinliklərdən qorxmadan daim Vətənin yanında olduqlarına görə təşəkkür etmək istərdim”.