İngiltərənin “Vulverhempton” klubu millimizin futbolçusu Renat Dadaşovun adını UEFA Avropa Liqası üçün sifariş edib.
DiasporPress.az xəbər verir ki, portuqaliyalı baş məşqçi Nunu İspiritu Sentu yeni transferlərdən həmyerlisi Deniel Podensi və ekvadorlu hücumçu Leonardo Kampananın adlarını sifariş ərizəsinə yazdırıb.
Həmçinin, baş məşqçi “Vulverhempton”un 23 yaşadək komandasında çıxış edən, bu qış “Birminqem”ə icarəyə göndərilməsi gündəmdə olan (futbolçu özü aşağı divizion klubuna keçməkdən imtina edib – S.M.) 20 yaşlı Renatı da sifariş etməklə Britaniya mətbuatını təəccübləndirib.
Heyətdə Renatın hücum xəttindəki rəqibləri Leonardo Kampanadan başqa, meksikalı Raul Ximenes və portuqaliyalı Dioqu Jotadır.
Qeyd edək ki, “Vulverhempton” fevralın 20-də 32 minlik “Molinyu” stadionunda İspaniyanın “Espanyol” klubunu qəbul edəcək. Bu görüş Avroliqanın 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq.