Ölkə

Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkildi

Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

İnterpress.az xəbər verir ki, aksiyada Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, agentliyin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak ediblər.

Aksiyada iştirak edən Aygün Əliyeva bildirib ki, aksiya zamanı Bakı və Abşeron şəhərinin iqliminə uyğun olaraq 3 hektar əraziyə 2 mindən çox Eldar şamı, zeytun ağacları əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Diqqətə çatdırılıb ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədovanın sözlərinə görə ölkəmizdə ağacəkmə işləri geniş vüsət almaqdadır: “Belə nəcib təşəbbüsə qoşulanların sayı gündən-günə artır. Dövlət qurumları, müxtəlif yerli və beynəlxalq təşkilatlar ağacəkmə aksiyalarına qoşularaq ətraf mühitin mühafizəsinə öz dəstəklərini verirlər. Eyni zamanda, regionlarda keçirilən ağacəkmə aksiyalarında ictimaiyyət nümayəndələri fəal iştirak edirlər. Bu il ölkə ərazisində 3 milyon ağacın əkilməsi nəzərdə tutulub. Hər kəs ölkəmizin yaşıllaşdırılması tədbirlərinə töhfə vermək istəyir. Bu yaxınlarda istifadəyə verilən “yasilgelecek.az” elektron platforması vasitəsilə bu iş daha da asanlaşıb. Kifayət qədər izləyici bu saytdan istifadə edir və öz töhfələrini verir. Ulu Öndər hər kəsi təbiəti sevməyə, onu qorumağa çağırırdı. Hər bir insan ağac əkməli, böyütməlidir deyirdi. Nazirlik hər kəsi təbiətə dost münasibət bəsləməyə, belə nəcib təşəbbüslərin aktiv iştirakçısı olmağa səsləyir”.