Təsadüfi deyil ki, 1969-cu ildən başlayaraq Azərbaycanda sənayenin və kənd təsərrüfatının bütün sahələrində əldə olunan yüksək nailiyyətlər nəinki o dövrün Sovet mətbuatının, hətta xarici ölkə rəhbərlərinin və analitiklərinin nəzər-diqqətini respublikamıza yönəltmişdir.
Azərbaycanın kənd təsərrüfatının və bütün sənaye sahələrinin dinamik, kompleks inkişafı məqsədilə özünün geniş proqramını həyata keçirən ulu öndər Heydər Əliyev ölkənin kimya sənayesinin də sürətli tərəqqisinə, onun potensialının güclənməsinə nail olmaq üçün iri miqyaslı tədbirlərin reallaşması istiqamətində ardıcıl şəkildə məqsədyönlü və səmərəli iş aparırdı.
Bu baxımdan dahi rəhbərin ölkənin kimya müəssisələrində iqtisadi cəhətdən daha səmərəli yeni istehsalat sahələrinin yaradılmasında, mövcud sex və istehsalatların genişləndirilməsində və mütərəqqi texnologiyalar əsasında modernləşdirilməsində xidmətləri əvəzsizdir
1960-70-ci illərdə ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişaf sürəti ümumittifaq səviyyəsindən xeyli aşağı idi. Sənayedə əmək məhsuldarlığının artım tempi orta hesabla ittifaqdakı 5,05 faizə qarşı 3,35 faiz idi. 1970-ci ildə maddi istehsal sahələrində çalışan hər adama düşən orta milli gəlir isə ümumittifaq səviyyəsinin cəmi 85 faizini təşkil edirdi.
Heydər Əliyev Azərbaycan iqtisadiyyatında kimya kompleksinin roluna xüsusi əhəmiyyət verdiyindən özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft-kimya sənayesində əsaslı yenidənqurmanın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu.
1971-ci ildə respublikada kimya sənayesinin qarşısında duran həlli vacib məsələləri diqqətlə araşdıran Heydər Əliyev ilk növbədə bu sahənin bütün texniki-iqtisadi və sosial baxımdan yeniləşdirilməsi proqramının yaradılması işini təşkil etməklə kimya sənayesinin inkişaf konsepsiyasının əsasını qoydu.
Ulu öndərin kimya sənayesinin inkişafı ilə bağlı konsepsiyasında nəzərdə tutulduğu kimi, “Kimyasənaye” İstehsalat Birliyində (hazırkı “SAM” zavodunda) 1970-ci ildən başlayaraq, sex və istehsalat sahələrində avadanlıqların təzələnməsi, yeni texnologiyaların tətbiqi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görüldü.
1975-ci ildə neft parafinlərindən istifadə etməklə daha mükəmməl texnologiya vasitəsilə yeni sulfanol istehsalı kompleksi istismara verildi
Həmin illərdə Sumqayıt kimya kombinatında (indiki “Üzvi sintez” zavodunda) yeni obyektlərin tikintisi daha sürətlə gedirdi. 1970-ci ilin dekabrında 10 min ton qliserin, 1971-ci ildə 40 min ton benzol və 33 min ton izobutilen və poliizobutilen, 1973-cü ilin mayında xlor və diafraqma üsulu ilə kaustik soda istehsal edən sexlər işə salındı.
Elə həmin ildə propilen-qlikol qurğusu, bir il sonra dixloretan, 1975-ci ildə poliefir qətranı istehsal edən sexlər, 1980-ci ilin əvvəllərində isə istehsal gücü ildə 45 min ton olan divinil kompleksi, sonralar isə “EP-300″ istehsalatının texnoloji tsiklini tamamlayan ən müasir texnologiyaya və polietilen istehsalı üzrə yüksək məhsuldarlığa malik olan, texnoloji avadanlığı xaricdən – Almaniya və Çexoslovakiyadan alınmış ”Polimir-120″ kompleksi istismara verildi.
O dövrdə kənd təsərrüfatının perspektiv inkişafını və tələbatını nəzərə alaraq, Sumqayıt superfosfat zavodunda regionda ilk dəfə olaraq dənəvər fosfor gübrələri istehsal edən, yüksək məhsuldarlıqlı müasir texnoloji kompleks işə salındı.
Bundan əlavə həmin illərdə əhalinin kimyəvi məişət vasitələrinə tələbatını dolğun ödəmək məqsədilə respublikada yeni sex və istehsalatların tikintisi də vüsət almışdı. 1978-ci ildə “Məişət kimyası” zavodunda müasir texnologiya əsasında tikilmiş yeni sexin işə düşməsi ilə müəssisənin istehsal gücü iki dəfə artırılaraq ildə 60 min tona çatdırıldı.
Azərbaycan Dövlət Pedoqoji Universiteti Kimya və biologiya fakültəsi,
dosent Gülnarə Babayeva