Gəncə Şəhər Hərbi Hospitalında Novruz bayramı münasibətilə tədbir keçirilib.
Diadporpress.az-ın xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra Azərbaycan Dövlət Himni səsləndirilib.
Mərasimi giriş sözü ilə açan Hospitalın rəisi tibb xidməti polkovniki Hüseyn Qaçayev Novruz bayramı münasibətilə kollektivi və zabitləri təbrik edib, onlara xoş arzularını çatdırıb.
O bildirib ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənib, maddi-texniki bazası gücləndirilib və döyüş qabiliyyəti artırılıb.
Polkovnik deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində zəfər qazanıb. Əsgərlər, zabitlər və hərbi həkimlər şərəfli peşə sahibi olduğunu bir daha sübut etdilər.
H.Qaçayev diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində ağır yaralıların demək olar ki, hər gün Gəncə şəhərindən Bakıdakı hərbi hospitallara çatdırılmasında aktiv iştirak edib:
“Həmin vaxt Gəncə Şəhər Hərbi Hospitalının Qubadlıda 8, Şuşada 3 təcili tibbi yardım avtomobili, Kəlbəcərdə isə 4 sanitar “UAZ”ı və tibbi heyəti fəaliyyət göstərib. Ordumuzun meşə ərazisindən açdığı xüsusi Böyük Tağlar-Şuşa yolu ilə iki gün ərzində şəhərə daxil ola bildik. Münasib bina təyin etdikdən sonra Şuşa şəhərində yeni hərbi hospital yaradıldı və yaralıların qəbuluna başlanıldı. 28 ildən sonra Şuşada ilk əməliyyat həyata keçirildi və heyətimiz tərəfindən minaya düşərək ağır yaralanan əsgərimizin ayağında cərrahiyə əməliyyat aparıldı.
Eyni zamanda, Vətən müharibəsində Qubadlı və Kəlbəcərdə iki ən böyük səhra hospitalının açılmasında, Gəncə hospitalının şəxsi heyətinin əziyyəti danılmazdır. Hospitalda iki əməliyyatxana, sarğı otağı, rentgen və USM aparatları ilə təchiz olunmuş müayinə otağı və beş müalicə çadırı quruldu. Binada müxtəlif ölçülü generatorlar quraşdırılaraq tam işıq təminatı təşkil edildi. Geyim ləvazimatı, qida təminatı, gecələmək üçün münasib yerlərin müəyyən olunması və digər bu kimi ehtiyaclar yüksək səviyyədə qarşılanırdı”.
Daha sonra Novruz bayramının simvollarından olan bayram tonqalı qalanıb və kosa ilə keçəlin ifasında maraqlı kompozisiyalar nümayiş etdirilib.
Bundan başqa, H.Qaçayev tərəfindən peşə fəaliyyətini uğurla yerinə yetirən tibb işçilərinə fəxri fərmanlar, “Müharibə veteranı” vəsiqələri təqdim olunub.
Bayram konsert proqramı ilə davam etdirilib.