Ölkə

Həkimdən çağırış: “Antibiotiklərdən özbaşına istifadə etməyin” – FOTO

Həkimdən çağırış: “Antibiotiklərdən özbaşına istifadə etməyin” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bəzi şəxslər antibiotiklərin virusa təsir etmədiyini nəzərə almayaraq, həkimə müraciət olunmadan, fəsadlarını düşünmədən bu tip preparatlardan COVID-19 xəstəliyinə qarşı mütəmadi istifadə edirlər. Bu, düzgün deyil.

Diasporpress.az xəbər verir ki, bu barədə “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım şöbəsinin həkimi Nərgiz Kərimova məlumat verib.

Həkim xüsusilə insanların “Antibiotiklərdən necə istifadə edilməlidir?” sualını cavablandırıb.

O bildirib ki, son vaxtlar antibiotiklər haqqında çox danışılır:

“Belə ki, bütün dünyada və eləcə də ölkəmizdə COVID-19 pandemiyası başlandığı vaxtdan bu xəstəliyin fəsadlarına qarşı mübarizədə antibiotiklərdən istifadə gündəmə gəlib.

Əvvəlcə onu deyim ki, antibiotiklər mikroorqanizmlərlə – bakterial infeksiyaların törədiciləri ilə mübarizə üçün yaradılıb. Onlar mikroorqanizmlərin strukturuna dağıdıcı təsir edir və çoxalmasına mane olurlar. Amma bakteriyaların heç də hamısı sürətlə məhv olmur. Bəzi dərmanlar effektsiz, hətta təhlükəli ola bilər. Müalicənin yaxşı təsir etməsi üçün antibiotiklərə müraciət zamanı bu qaydalara riayət etmək lazımdır:

– Antibiotikləri yalnız həkimin təyinatı üzrə qəbul edin;

– Antibiotiklər təyin olunarkən mütləq həkimin yazdığı dozada və müddətdə qəbul edin;

-Dostlarınızın və tanışlarınızın məsləhəti ilə antibiotiklərlə özünümüalicəyə başlamayın;

– Həkiminizin sizə yazdığı antibiotikləri dostlarınıza və tanışlarınıza tövsiyə etməyin;

– Evinizdəki dərman qutusunda antibiotikləri “lazım olar” deyə saxlamayın. Belə ki, antibiotiklər uzun müddət saxlandıqda effekti sıfıra yaxınlaşır”.

Həkimin sözlərinə görə, ayrı-ayrı mikroorqanizmlər antibiotiklərin təsirinə fərqli reaksiya verir:

“Bəziləri çox həssas, bəziləri şərti-dayanıqlı, digərləri isə dayanıqlı ola bilir. Həssas mikroorqanizmlər həkimin təyin etdiyi dozada antibakterial dərmanların təsiri ilə məhv olur. Şərti-dayanıqlı reaksiya zamanı antibiotiklərin dozasını artırmaq lazım gəlir. Dayanıqlı patogen mikroorqanizmlərin məhvi üçün yüksək dozada antibiotik təyin edilsə də, onlar məhv edilmir.

Mikrofloranın antibiotiklərə həssaslığı da fərdidir. Belə ki, bəzi insanlarda bakteriyalar eyni antibiotiklərə fərqli reaksiya verir. Ona görə də orta statistik mənzərə əsasında antibiotiklərin təyin edilməsi heç də həmişə arzuolunan müalicəvi effekti vermir. Eyni zamnda, hər hansı antibiotik əlavə mənfi təsirlərə malik olan ciddi müalicə vasitəsidir”.

“Həkim antibiotikləri təyin edərkən əmin olmalıdır ki, bu və ya digər antibiotik həqiqətən xəstə üçün effektiv olacaq və infeksiyanın öhdəsindən gələcək. Buna görə də, xəstələrin mikroflorasının antibiotiklərə həssaslığının yoxlanılması çox vacibdir. Bir həkim kimi məsləhət görürəm ki, heç vaxt antibiotiklərdən özbaşına istifadə etməyəsiniz. Düzgün müalicə alın ki, sağlam olasınız”, – deyə Nərgiz Kərimova qeyd edib.

 

 

Diasporpress.az