Aprelin 14-də Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və sosial şəbəkələrdə nüfuz sahiblərindən ibarət bir qrup nümayəndə heyəti Azərbaycana səfər gəlib.
Diasporpress.az xəbər verir ki, səfər Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Səfərin proqramı paytaxt Bakıda başlayıb.
Aprelin 14-də gürcüstanlı qonaqlar mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və bir sıra Azərbaycan mədəniyyət xadimləri ilə görüşüblər.
Səmimi mühitdə davam edən görüş zamanı xalqlarımız arasında mehriban dostluq münasibətlərindən söz açılıb və hər iki xalq arasında mədəni bağlılığın olduğu bildirilib.
Gürcüstan nümayəndələri Qarabağ bölgəsində 30 illik işğal dövründə ermənilər tərəfindən mədəniyyət abidələrimizə qarşı törədilmiş barbarlıqlar, 44 günlük Vətən müharibəsi nəticəsində azad olunmuş torpaqlarımızda görülən bərpa işləri barədə məlumatlandırılıb.
Daha sonra Gürcüstan nümayəndə heyətinin tərkibində olan vokalçıların ifasında müxtəlif musiqi parçaları, o cümlədən Azərbaycan dilində “Ey Vətən”, “Bəri bax” və digər milli mahnılarımız səsləndirilib.
Axşam saatlarında gürcüstanlı qonaqlar UNESCO-nun Dünya irsi siyahısında yer alan İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğunda gəzintiyə çıxıblar.
Qonaqlar ölkəmizdə qədim irsin bərpa olunması və qorunması istiqamətində aparılan işlərlə yaxından tanış olublar, onlar Bakının zəngin turistik potensialından heyran qaldıqlarını söyləyiblər.