Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev fevralın 20-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
İnterpress.az xəbər verir ki, nazir abidənin önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Təhsil nazirini Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili və digər rəsmi şəxslər müşayiət ediblər. Daha sonra nazir, Tbilisi şəhərində “Axundov İncəsənət Qalereyası”nda “Xocalıya ədalət” adlı sərginin açılışında iştirak edib. Sərgidə Bakıdan gətirilən Xocalı faciəsini əks etdirən 60-a yaxın rəsm əsərləri və əl işləri təqdim olunub. Qeyd edək ki, Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.