Gürcüstanın baş naziri səlahiyyətlərini icra edən Giorgi Qaxariya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb
Bu barədə Gürcüstan hökumətinin Administrasiyasından bildirilib.
Məlumata əsasən, görüşdə Gürcüstan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub.
Xüsusi diqqət SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri və əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib.
Qeyd olunub ki, Gürcüstanın Neft və Qaz Korporasiyası təbii qaz sahəsində SOCAR şirkəti ilə uğurlu əməkdaşlıq edir. Bunun da daha bir nəticəsi Gürcüstanda sosial təyinatlı təbii qaza olan qiymətin sabitləşdirilməsi barədə razılığın əldə olunmasıdır.
Gürcüstan hökumətinin tapşırığı ilə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi, Neft və Qaz Korporasiyası və SOCAR arasında aparılan danışıqlar zamanı Gürcüstanın 200 milyon kubmetr həcmində sosial təyinatlı qazı güzəştli tariflə əldə etməsi ilə bağlı razılığa gəlinib.
2016-cı ildən qüvvədə olan müvafiq müqaviləni Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsini icra edən Natia Turnava, Neft və Qaz Korporasiyasının baş direktoru Giorgi Baxtadze və SOCAR prezidenti R.Abdullayev imzalayıb.
Razılaşma nəticəsində Gürcüstan hökuməti əhali üçün təbii qazın qiymətini daha uzun müddət ərzində sabit saxlaya biləcək.
Diasporpress.az