Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə Marneulidə keçirilən dəyirmi masada Ermənistandan minalanmış ərazilərin xəritələrinin tez bir zamanda Azərbaycana təqdim etməsi tələb olunub.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsindən sonra regionda yaranmış vəziyyətə həsr olunmuş tədbirdə siyasətçilər, elm, din və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə GAİM-in icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbətov açıb. Bildirib ki, bu müharibədə Qələbənin əsas amili Azərbaycan Prezidenti ilə xalq arasındakı möhkəm birlik və vəhdət olub. Lakin döyüş meydanında məğlubiyyəti həzm edə bilməyən Ermənistan çirkin əməllərindən əl çəkmir. Ermənistan hökumətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi şəkildə yerləşdirdiyi minaların xəritələrini indiyədək təhvil verməməsi, mina partlayışları nəticəsində mülki azərbaycanlıların həlak olması və müxtəlif xəsarətlər alması belə deməyə əsas verir.
Tədbirdə Gürcüstan parlamentinin sabiq deputatları Mahir Dərziyev və Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Azərbaycanın Əməkdar jurnalisti, “gaxa.ge” portalının baş redaktoru Nizami Məmmədzadə, “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı və başqaları çıxış ediblər.
Qeyd edilib ki, xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistan bu gün acınacaqlı vəziyyətdədir və tam iflasa uğrayıb. Azərbaycanın parlaq Qələbəsinin dünya hərb tarixində nümunə olduğu və ordumuzun yeni müharibə texnikasının Ermənistanı və onun havadarlarını qorxuya saldığı vurulanıb. “Onlar minalanmış sahələrin xəritəsini təqdim etməməklə, əslində, bir daha öz çirkin niyyətlərini və əsl simalarını ortaya qoyublar”, – deyə Mahir Dərziyev bildirib.
Dəyirmi masa iştirakçıları əminliklə bildiriblər ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi kimi, minalardan da təmizləyəcək və həmin ərazilər yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Tədbir iştirakçıları region dövlətlərini bu mərhələdə Azərbaycanın yanında olmağa çağırıblar.
Diasporpress.az