Futbol millimiz Slovakiyada ilin sonuncu görüşünə çıxır

Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisi bu gün son oyununu keçirəcək.

Futbol millimiz Slovakiyada ilin sonuncu görüşünə çıxırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisi bu gün son oyununu keçirəcək.

DiasporPress.az xəbər verir ki, millimiz Trnavada Slovakiya yığması ilə qarşılaşacaq.

Qrupda bir qələbə qazana bilməyən yığmamız sonuncu görüşünə millimizin baş məşqçisi Nikola Yurçeviçin sözü ilə desək, şərəf üçün çıxacaq.

İndiyək Slovakiya ilə olan statistikamız 

Komandamız Bakıda 1:5 hesabı ilə uduzduğu bu rəqibini daha əvvəl məğlub edə bilib. Belə ki, tərəflər səkkizinci dəfə üz-üzə gələcək. Bu görüşlərdən altısında slovaklar, birində biz qalib gəlmişik.

Millimizin həmin qələbəsi 18 il əvvəl – 2001-ci ilin iyunun 6-da Bakıda olub. Tofiq Bəhramov adına Respublika Stadionunda yığmamız 2:0 hesabı ilə qalib gəlib. Vadim Vasilyev 26-cı, Zaur Tağızadə 55-ci dəqiqədə qollarımızı vurub.

Slovakiya hansı halda Avro-2020-yə vəsiqə qazanır?

Rəqib Slovakiya isə 10 xalla qrup dördüncüsüdür. Slovakiyalılar Macarıstan və Uelslə yanaşı AVRO-2020 şanslarını qoruyub saxlayır. Slovakiya bu üzdən hökmən millimizi məğlub etməli və eyni vaxtda başlayacaq Uels – Macarıstan görüşündə heç-heçəyə ümid etməlidir.

Belə olan halda, Slovakiya macarlarla birgə 13 xala malik olacaq və şəxsi oyunlardakı qələbələrinə görə qrup ikincisi kimi AVRO-2020-yə vəsiqə qazanacaq. Bununla da Avropa çempionatına seçmə mərhələ vasitəsilə vəsiqə qazanan sonuncu – 20-ci komandanın adına aydınlıq gələcək.

Millimizə yad, klublarımıza tanış hakim

Bakı vaxtı ilə saat 23:45-də başlayacaq Slovakiya – Azərbaycan görüşünü ukraynalı Sergey Boyko idarə edəcək. 42 yaşlı hakim heç vaxt bu iki millinin oyununu idarə etməsə də, iki dəfə bu ölkə təmsilçilərinin oyunlarında iş başında olub.

Əvvəlcə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” – “Zalsburq” görüşünü idarə edib. 2014-cü ilin iyulun 30-da baş tutan görüşdə o, sərt idarəçiliyi ilə yadda qalıb. Əvvəlcə, Avstriya klubunun isveçrəli müdafiəçisi Kristian Şveqleri 34-cü dəqiqədə meydandan qovan Boyko səkkiz dəqiqə sonra “Qarabağ”ın albaniyalı arxa xətt oyunçusu Admir Teliyə eyni aqibəti yaşadıb.

Bu da azmış kimi, 86-cı dəqiqədə “Qarabağ”ın qələbə qolunu vurmuş braziliyalı Reynaldo iki dəqiqə sonra Boykonun qəzəbinə tuş gələrək qırmızı vərəqə görüb. Bu matçda yığma üzvlərindən Bədəvi Hüseynov, Qara Qarayev və Rişard Almeyda sarı vərəqə ilə xəbərdarlıq alıb.

Düz bir il sonra (30.07.2015) o, Kiprdə Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” – “Qəbələ” görüşünü idarə edib. “Qəbələ” uduzmamasına görə məhz bu hakimə minnətdar olmalıdır. Belə ki, 90+2-ci dəqiqədə meydan sahiblərinin braziliyalı müdafiəçisi Freyrenin hərəkəti penalti kimi dəyərləndirilib. Cavid Hüseynov isə 90+5-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirən qola imza atıb.

Sergey Boyko daha iki dəfə oyunun keçirildiyi Trnava şəhərinin təmsilçisi olan “Spartak”ın 2011-ci ildə Sofiya “Levski”si, 2018-ci ildə isə Zaqreb “Dinamo”su ilə görüşlərini idarə edib. Hər iki görüşdə Slovakiya klubu rəqiblərinə məğlub olub.