“Moskva və Moskva ətrafında yaşayan Azərbaycan icması ilə dörd saata yaxın görüş keçirtdik. Görüşdə Rusiyadakı böyük Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də iştirak edirdi”.
Bunu APA -nın Moskva müxbirinə açıqlamasında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
“Dövlət Komitəsi olaraq Rusiyadakı Azərbaycan diasporu ilə bağlı ümumi məsələlərdən xəbərimiz vardı. Lakin düşündük ki, diaspor fəallarımızın mövqeyini yerində özümüz dinləyək”, – deyə F. Muradov vurğulayıb.
O qeyd edib ki, diaspor nümayəndələri ilə görüş çox konstruktiv şəkildə keçirilib: “İnanıram ki, bu görüşün yaxın vaxtlarda nəticələri olacaq. Cənab Prezident tərəfindən qarşımıza tapşırıq qoyulub ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın birliyinə nail olaq. Çox istərdik ki, Rusiyadakı müxtəlif təşkilatlar bir amal uğrunda, Rusiya və Azərbaycanın maraqlarının həyata keçirilməsi üçün birgə fəaliyyət göstərsinlər. Bunun üçün zəmin var. Rusiyada çox yüksək intellektual diasporumuz var, belə desək hər cür şərait var. Sadəcə olaraq bu birliyin baş tutması üçün müxtəlif məsələlər var ki, biz onları həll etməliyik. Rusiyadakı Azərbaycan diasporunun koordinasiya şurasının yaradılması haqqında razılıq əldə olunub. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
DiasporPress.az