“GSM – Gənclərin Sosial tərəfdaşlığı Mərkəzi”nin baş tutan növbəti hesabat-seçki konfransında Mərkəzin İdarə Heyətinin yeni tərkibi formalaşıb.
Diasporpress.az xəbər verir ki, Mərkəzin yeni sədri ictimai sektorda uzun illər aktiv fəaliyyət göstərən, təlimçi və sosial işçi kimi müxtəlif layihələrdə çalışan, psixoloq Fidan Ağayeva seçilib.
Fidan Ağayeva ictimai fəaliyyətinə 2010-2014-cü illər ərzində təhsil aldığı Bakı Qızlar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri olaraq başlayıb.
Gənclər siyasəti sahəsində bir sıra nəzəri və maarifləndirici layihələrin rəhbəri olub.
2011-2013 “İslahatçı Gənclər” İctimai Birliyinin Psixologiya Mərkəzinin direktoru, 2013-2014-cü illərdə “İrəli” İctimai Birliyinin “Psixologiya Akademiyası” adlı layihənin rəhbəri olaraq çalışıb.
2021-ci ilin mart-sentyabr ayları ərzində “Davam” Gənclər Hərəkatının “Gənclər arasında intihar hallarının artması ilə bağlı Araşdırma-Sorğu-Hesabat” layihəsinin eksperti olaraq çalışıb. Gənclər siyasəti sahəsində 100-dən çox təlim, konfrans və layihədə təlimçi-ekspert kimi iştirak edib.
2015-ci ildən bu günə qədər özəl psixologiya mərkəzlərinin birində peşəkar psixoloq fəaliyyəti ilə məşğuldur.