Euronews kanalı Bakıda İkinci Nəsimi- şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində keçirilən tədbirlərdən süjet hazırlayıb.
DiasporPress.az xəbər verir ki, süjetdə festival çərçivəsində yeni kitabı təqdim olunan alman yazar Mixael Hessinin Nəsimi barədə fikirləri öyrənilib.
O, kitabında repçilərin və ya müasir poeziya nümayəndələrinin Nəsiminin mürəkkəb fikirləri gözəlləşdirmək, qısaltmaq qabiliyyətindən necə ilhamlanacağını təsəvvür edib.
Xarici kanal həmçinin festival çərçivəsində Bakıya gələn xarici qonaqların da Bakı haqqında fikirlərinə yer ayırıb.
Qədim Şirvanşahlar sarayında çıxış edən Almaniyadan gəlmiş “Horizonte” müasir ansamblının təsisçisi və bədii rəhbəri Yorq-Piter Mitma təəssüratlarını bölüşüb.
Reportajda eyni zamanda Bakının qədim məkanlarda festival çərçivəsində baş tutan musiqi axşamları da nümayiş olunub. Yerli müğənnilər tərəfindən ifa olunan Azərbaycan xalq musiqiləri diqqət çəkən məqamlardan olub.
Fransız musiqiçi Mişel Qodar deyib ki, hər zaman insanlarla qarşılıqlı əlaqə yaradırlar: “Odur ki, bizi yaradıcı prosesə cəlb edəcək insanlarla görüşümüzə ehtiyac var… Bu, musiqi, həmçinin poeziya və ya rəssamlıq ola bilər”.
Çinli musiqiçi Vu Vey bildirib ki, Azərbaycan musiqisi onu hər zaman valeh edib: “Maestro Salman isə çox hissiyatlı və güclü musiqiçidir. Onun musiqisində sevgini və işığı hiss edə bilərsiniz. Hər kəs sevgi və işıq istəyir”.
Alman müğənni Marqrit Buhberger musiqidə ən vacib şeyin sevgi olduğunu qeyd edib: “Siz hər zaman məhz bu hissi insanlara çatdırmaq, onlara sözlər, musiqi və poeziya ilə təsəlli vermək istəyirsiniz. Bu mənada, Nəsiminin poeziyası ilə musiqi görüşür”.
DiasporPress.az tərcüməsi worldmedia.az tərəfindən aparılmış videomaterialı təqdim edir.
DiasporPress.az