Azərbaycandakı alban kilsələri hər zaman Azərbaycan xalqına məxsus olan abidələr olub. Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri bizim öz xristian tariximizi qabartmamağımızdır.
Bunu AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri Bayram Quliyev deyib.
Onun sözlərinə görə, yüzillikdə qədim Azərbaycan dövləti olan Albaniya ərazisində Alban çarı Urnayrın zamanında xristanlıq dövlət dini kimi qəbul edilib və Albaniya ərazisində məbədlər açıq fəaliyyət göstərməyə başlamışdı. Albaniyada ərəb işğalları nəticəsində İslam dini yayıldığı zaman bu ərazilərin şimalında yaşayan və xristian dininə etiqad edən albanlar (azərbaycanlılar) öz dinini qoruyub saxlamağa cəhd edirdi. Belə bir vaxtda Azərbaycan ərazisinə ticarət vasitəsi ilə gəlib gedən ermənilər azlıqda qalmış xristian albanları öz təsirinə salmaq üçün bütün vasitələrdən istifadə edirdi. Belə vasitələrdən biri də Azərbaycana məxsus olan alban kilsələrinin erməniləşdirilməsi oldu.
B.Quliyev qeyd edib ki, orta əsrlər dövründə alban kilsələrinin erməniləşdirilməsi prosesi ilə bir o qədər də qarşılaşmasaq da, 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi ilə ermənilər Azərbaycanın qərb hissəsi və Qarabağın dağlıq hissəsinə köçürüldükdən sonra Azərbaycanda yerləşən alban məbədlərinin kütləvi surətdə erməniləşdirilməsi başladı:
“XX əsrin 80-ci illərində Kəlbəcərdə tədqiqat aparan iki alimimiz belə bir hadisə ilə qarşılaşırlar. Orada yerləşən Gəncəsər monastrında divarlardakı dəvə və dəvə karvanı şəkilləri ermənilər tərəfindən bərpaetmə adı ilə silinir, yerinə anlaşılmaz şəkillər (çox güman ki, erməni əlifbası ilə yazılar) çəkilirdi. Çox təəssüf ki, 80-ci illərin sonu olduğu üçün ermənilər bərpaetmə işlərini əsaslandıraraq alimlərimizi həmin əraziyə yaxın buraxmayıblar. Bunun kimi yüzlərlə belə fakt var”.
Tarixçi alim hesab edir ki, Azərbaycanda İslamdan əvvəl xristianlığın mövcud olması bizim tariximizə xələl gətirmir:
“Əksinə, bizim öz tariximizi olduğu kimi qəbul edib, araşdırıb və dünyaya tanıtdırmaq lazımdır. Bu halda ermənilərin alban kilsələri ilə bağlı iddiaları üçün əsas yaratmamış və buna yer buraxmamış olacağıq. Alban məbədlərin bizə aid olduqlarını sübut edəcək onlarla memarlıq özəllikləri var və onlardan sadəcə birini vurğulamaq istərdim. Azərbaycanda Yeddi Kilsə monastrı var. Yeddi rəqəmi Azərbaycan Türklərinin müqəddəs rəqəmdir. Xristianlığı qəbul edən Alban Türkləri Tanrıçılıq ənənələri ilə xristianlığı birlikdə yaşatdılar. Və ya Xocavənd ərazisində yerləşən Mohranisa məbədində yerləşən mehrab at nalı formasındadır. Ən qədim zamandan azərbaycanlılar atçılıq ilə məşğul olmuş, dünyanın ən qədim at sümükləri məhz Azərbaycan ərazisindən – Əliköməktəpədən tapılmışdır. Demək ki, mehrabın at nalı formasında olması heç də təsadüfi deyil. Ermənilər sadəcə monastrları dağıtmırlar və ya erməniləşdirmirlər. Bizim bütün növ tarixi abidələrimiz bu aqibətlə qarşılaşır. Misal üçün, Azıx mağarasında Azərbaycandan icazəsiz tədqiqat aparılıb və oradan tapılan sümük London muzeylərinin birinə satılıb”.
Tarixçi hesab edir ki, bu hadisə bizim tariximizə xələl gətirmir. Əksinə, bizim öz tariximizi olduğu kimi qəbul edib, araşdırıb və dünyaya tanıtdırsaq, ermənilərə iddia edəcəkləri yer buraxmamış olacağıq.
Diasporpress.az