Diaspor

Erməni diasporu işğalçı Ermənistanın iqtisadiyyatına necə fayda verir? – FAKTLAR

Erməni diasporu işğalçı Ermənistanın iqtisadiyyatına necə fayda verir? – FAKTLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqillikdən sonra öz işğalçılıq siyasəti nəticəsində özünü qonşu dövlətlərdən təcrid vəziyyətinə salan Ermənistan üçün diaspora onun iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olmuşdur. Məhz bu yardımlar və investisiyalar nəticəsində Ermənistan bir dövlət kimi həyatda qalmağı bacarmışdır. Xaricdə yaşayan və işləyən ermənilərin pul köçürmələri Ermənistan iqtisadiyyatında böyük əhəmiyyətə malikdir. 2017-ci ildə bu rəqəm Ermənistanı ÜDM-nin 16%-ni təşkil etməklə 1756 milyon dollar olmuşdur. Ümumi daxilolmaların 60.5%-i Rusiya Federasiyasından, ABŞ-dan 10.25%, Qazaxıstandan 2.87%, Almaniyadan 2.25% və digər ölkələrdən olmuşdur. Yazıda, erməni diasporasının Ermənistan iqtisadiyyatına töhfələrini iki başlıq altında – diaspora xeyriyyəçiliyi və investisiya qoyuluşları başlığı altında qeyd etmişik.

Diaspora xeyriyyəçiliyi

Müstəqilliyin ilk illərində erməni diasporasının əsas fəaliyyət istiqamətləri humanitar yardım, siyasi dəstək və investisiya qoyuluşundan ibarət olmuşdur.

Ermənistanın müstəqilliyinin ilk illərində baş vermiş zəlzələ, Sovet İttifaqının çökməsi nəticəsində dağılmış iqtisadiyyata kömək məqsədilə ən böyük 14 erməni diaspor təşilatı vasitəsilə 900 milyon dollar səfərbər edilmişdir.

1988-ci il zəlzələsindən sonra Nyu-Yorkda Erməni Yardımlaşma Fondu (The Fund of Armenian Releif) təsis olunmuşdur. Yarandığı gündən etibarən fond 290-dan çox layihəyə 300 milyon dollardan çox humanitar yardım göstərmişdir. Bu yardım daha çox tibbi dərmanlar, qida tədarükü proqramları, mədəni layihələrə və zəlzələ nəticəsində zərər çəkmişlərə yönəldilmişdir.

Diasporanın digər əsas kanallarından olan və hökumət tərəfindən dəstəklənən Hayastan fondu 1992-ci ildə prezident fərmanı ilə yarandıqdan sonra fəaliyyətinin ilk on ilində Ermənistanda və Dağlıq Qarabağda 138 müxtəlif infrasturuktur layihələrin 75 milyon dollar investisiya qoymuşdur. Fondun məqsədi Ermənistandakı və xaricdə ermənilər arasında əlaqələr yaratmaq, ölkənin çətinliklərini aradan qaldırmaq, davamlı iqtisadi inkişafın qurulmasına kömək etmək məqsədi daşıyır. Bununla yanaşı, Sovet İttifaqının parçalanması ilə bağlı olan problemlərin, 1988-ci ildə Spitak zəlzələsinin nəticələrinin və işğalçılıq siyasəti nəticəsində özünü salmış olduğu iqtisadi blokadanın və bundan doğan çətinliklərin aradan qaldırılmasına yönəlmişdir. Fond layihələri 19 ölkədən 21 aktiv iştirak edən partnyor diaspora təşkilatın maliyyə yardımları vasitəsilə icra edir. Fondun ilk layihəsi 1922-1995-ci illər ərzində ermənistanda ərzaq, yanacaq qıtlığının aradan qaldırılmasına yönəlmiş “Qış” hümanitar layihəsi idi. Fondun ən çox ictimai diqqət cəlb edən layihəsi 1988-ci il zəlzələsində evlərini itirmiş Gümrü, Vanadzor, Stepanavan və Spitakda yüzlərlə ailəyə mənzillər tikilməsi olub. Bundan başqa, fond aztəminatlı ailələrə, ölən və əlil döyüşçülərin ailələrinə yardımlar etməkdədir. Ümumilikdə, Hayastan fondunun vəsaitləri hesabına 210 ədəd yaşayış binası, 960 ədəd ev, 30-a qədər məktəb və digər təhsil müəssisələri, 20 ədəd sağlamlıq mərkəzi tikilmiş, 220 km yol, 131 km su xətti, 60 km enerji xətləri çəkilmişdir.

Fondun əsas donorları arasından Rusiya diasporasından Samvel Karapetyan, Sergey Hambardzumyan, Genadi Stepanyan, ABŞ diasporasından Antraniq Bağdassariyan, Vahan Şamilyan, Sarkis Akopyan, Jak Həkimyan, Riçard Monogyan, Luiz Manooqyan Simon, Gerard Cafesyan, Kirk Kerkoryan, Belçika diasporasından Jeyan Bogosiyan, BƏƏ-dən Seyran Karapetyan, Livandan Robert Bogosyan, İsveçrədən Dikran İzmirlyan, Brazilyadan Varujan Burmayan, Fransadan Yeznik Moziyan, Böyük Britaniyadan Garabed Nazaryan kimi şəxslərlə yanaşı Hindistan hökuməti, Fransada yerləşən Hauts de Seine Ümumi Şurası, Erməni Apostol kilsəsi, ABŞ-da yerləşən Ermənilərin Ümumi Yardımlaşma Birliyi, Zəngəzur Mis-Molibden Kombinatı, bütün ermənilərin müqəddəs katalikosu 1-ci Qaregin, Linsi fondu, bütün ermənilərin müqəddəs katalikosu 1-ci Vazgen, Erməni Apostol Kilsəsinin Şərqi ABŞ Tədqiqatı, Rusiyadan Muradian Brothers (BAMO company), Almaniyada erməni biznesmenlərin asossasiyası, İsveç-erməni birliyi, Jinişyan Xatirə Fondu, İran-erməni cəmiyyəti kimi müəssisə və təşkilatlar da mövcuddur.

Erməni diaspora təşkilatlarına aid digər fondlardan biri də Ermənilərin Ümumi Yardımlaşma Birliyidir (The Armenian General Benevolent Union (AGBU)). Ermənilərin Ümumi Yardımlaşma Birliyi (AGBU) 15 aprel 1906-ci il tarixində qurulduqdan etibarən təhsil, mədəniyyət və humanitar proqramlar vasitəsilə erməni irsini və ənənələrini dəstəkləmək üçün dünyanın ən böyük qeyri-kommersiya təşkilatıdır. AGBU hazırda 46 milyon dollardan çox illik büdcəsi ilə fəaliyyət göstərir. Nyu-Yorkda yerləşən AGBU 31 ölkədə və 74 şəhərdə fəal iştirak edir və məktəblərin, düşərgələrdən və incəsənətə dəstək olanlardan təcrübə, virtual öyrənmə və gənc peşəkar şəbəkələrdən olan ermənilərin dünya miqyaslı proqramları ilə məşğul olur. Birlik təhsil, incəsənt, dini, sağlamlıq və sosial sferada çoxsaylı layihələrin – məktəblərin, uşaq baxçalarının, dini müzeylərin və kilsələrin, xəstəxanaların təsisçisi olmuşdur. Əsas gəlir mənbələri üzvlərinin, o cümlədən, sponsorların köçürmələrindən formalaşır. Fondun illik gəlirləri 50 milyon dollardan çoxdur. Fond 2014 və 2015-ci illərdə Suriyada baş verən vətəndaş müharibəsi nəticəsində Suriya ermənilərinin təkcə ərzaq vəziyyətinin yaxşılaşdırılmasına 1.2 milyon dollar vəsait sərf etmişdir. AGBU fondu Amerika Erməni Məclisi, Erməni Yardımlaşma Fondu, Linsi fondu, erməni kiləsləri və digər bir sıra təşkilatlarla birlikdə Birləşmiş Erməni Fondunu (United Armenian Fund) təsis etmişdir.

Erməni diasporasına məxsus təşkilatlardan biri də 1989-2010-cu illərdə fəaliyyət göstərmiş Linsi fondu (Lincy Foundation) olmuşdur. Linsi fondunun əsas məqsədi Ermənistanda infrasturukturun və fərdi sahibkarlığın inkişafı məqsədilə ABŞ-da erməni biznesmen Kerk Kirkorian tərəfindən təsis olunmuşdur. Fondun əsas layihələrindən biri Ermənistan hökuməti ilə imzalanmış, fərdi kiçik və orta sahibkarlara biznes kreditləri verilməsini nəzərdə tutan layihə olmuşdur. Bu minvalla, fond 100 milyon dollara yaxın vəsaiti 3%-lə yerli erməni banklarına vermiş, banklar illik faiz dərəcəsi 15%-dən çox olmamaq şərtilə həmin vəsaitləri kiçik və orta sahibkarlara biznes krediti şəklində vermişdir. Sonralar bu müqaviləyə əlavələr edilərək vəsait 160 milyon dollara qədər artırılmışdır. Fond infrasturuktur layihələrinə 200 milyon dollar, məktəb və küçələrin tikilişinə 60 milyon dollar olmaqla, binaların, muzeylərin tikilişinə, yolların, tunellərin çəkilişinə ümumilikdə 1 milyard dollara yaxın vəsait xərcləmişdir.

Diapora şəbəkəsinin üzvləri ölkələrində informasiya, bilik və təcrübə mübadiləsinin, nou-hauların idxalının da əsas mənbəyidir. Erməni diasporasının peşəkar birliklərinə misal olaraq ArmenTech, Erməni Zərgərlər Asossasiyası, Böyük Vaşinqton Erməni-Amerikan sağlamlıq Asossasiyasını göstərmək olar. ArmenTech 2002-ci ildə ABŞ-da təsis olunaraq təcrübə və informasiya mübadiləsini genişləndirməklə Ermənistanda İT və yüksək-texnologiyalar sektorunu inkişafını təmin etməyə hədəflənmişdir. 2005-ci ildə 150-dən çox üzvü olmuşdur. Armentech USAID-in və Dünya Bankının dəstəyi ilə dünyanın aparıcı erməni IT-biznesləri arasında əməkdaşlığı dəstəkləmək üçün internet-platforma kimi hazırlanmış yüksək texnologiyalı Silicon Armenia veb portalını işə salmışdır. Portal, İT şirkətlərinin yerli birliyi (UITE) ilə əməkdaşlıqda hazırlanmış və 100-ə yaxın erməni IT-şirkətinin profillərinə sahibdir, üzvlərə iş, təlim və tender imkanları, həmçinin sektor və makroiqtisadi tendensiyalar haqqında məlumat verir.

Diasporanın investisiya qoyuluşları

Diasporanın Ermənistan iqtisadiyyatından töhfələrinin bir forması da investisiya qoyuluşlarıdır. Müstəqillikdən sonra Ermənistan iqtisadiyyatına qoyulmuş xarici investisiyanın 70%-i diaspora tərəfindən birbaşa və ya dolayı qoyulmuşdur. Bu investisiyanın 60%-i əsasən üç ölkənin – Rusiya, ABŞ və İranda yerləşən erməni diasporasının hesabına formalaşmışdır. Diaspora investorlarının 29%-i Rusiyada yaşan erməni diasporasının nümayəndələrinin payına düşür. Rusiayadan gələn investisiyanın böyük hissəsi ticarət sahəsinə yönəlmişdir. Sayca ikinci qrup (17%) ABŞ diasporasına məxsusdur. ABŞ qrupunun 36%-i ticarətə, 25%-i istehsala və digər sahələrə investisiya yatırmışlar. İranda yaşayan erməni diasporası sayca üçüncü olmaqla böyük əksəriyyəti xidmət sahəsinə, 30% -i istehsala və digər sahələrə vəsait yönəltmişdir.

İqtisadiyyatın müxtəlif sektorları üzrə investisiya qoyuluşunda diasporanın iştirakı müxtəlifdir.

İnformasiya-Kommunikasiya sektoru: Ermənistanda İKT sektorunun formalaşması 90-cı illərin əvvəllərində Synergy İnternational, ViaSphere İnternational, Hilink Corporation və HPLA kimi beynəlxalq şirkətlərin ölkəyə gəlişi ilə başlamışdır. Bu şirkətlərin hər biri erməni diasporası ilə əlaqədar olan şirkətlərdir. Bu proses diaspora ilə əlaqədar olan Boomerang Software, Credence Systems kimi şirkətlərin gəlişi ilə davam etmişdir. 2000-ci ildə İKT sektoru hökumət tərəfindən prioritet sahə elan olunmuş və sahənin gələcək inkişafını təmin etmək üçün İKT ana strategiyası hazırlanmışdır. Sahənin inkişafı üçün diaspora ilə əlaqəli olan Leda Holdings, Hitegrity, Hi-Tech Gateway, Epygi Labs və sairə kimi şirkətlər bazara daxil olmuşdur. Bu imkanlar sahəsində Ermənistan İT ölkəsi olma strategiyasına köklənmiş və Lycos, Synopsis kimi beynəlxalq brendləri ölkəyə cəlb etmişdir. Xüsusilə, Synopsis kompaniyası erməni İT sektoru üçün həyati əhəmiyyətli qiymətləndirilməkdədir.

Qiymətli daşlar və Zərgərlik: Ermənistanda qiymətli daşlar və zərgərlik sahəsinə ilk daxil olan investorlar 1994-1996-cı illərdə Belçika ermənilərindən sayılan Arslan ailəsinin nümayəndələri, ABŞ, Rusiya, Suriya erməniləri olmuşdur. 1996-cı ildə Kanada erməniləri tərəfindən idarə edilən Lily Jevelry şirkəti Ermənistana daxil olmuşdur. 1998-ci ildə Furfan Ltd Ermənistan Almaz Şirkətini alaraq Ermənistana daxil olmuşdur. Qeyd edək ki, Furfan Ltd De Beers şirkəti ilə əlaqəli şirkətdir və Ermənistana girişi Moskadakı erməni diasporasının üzvlərindən sayılan Abramyan qardaşlarının xətti ilə baş vermişdir.

2000-ci ildən sonra sahə xarici və diapora investorlarının diqqətini daha çox cəlb etməyə başlamışdır. Beçika diasporasından Arevakn, ABŞ diasporasından Modern Tech, Kanada diasporasından Gem Corp İnternational şirkətləri ölkəyə daxil olmuşdur. 2003-2004-cü illərdə ABŞ, Rusiya, İordaniya və Fransadan olan diaspora investorları doqquzdan çox şirkətə investisiya qoymuşlar.

Turizm: Ermənistanda turizm sahəsinə investisiya qoyuluşu ilk dəfə 1994-1997-ci illərdə Levon Travel, Sidon, Saberatour, Sati, İntourtans, Tatev TTT, Europe Hotel, Ani Enterprises və AK development (Ermənistandakı Mariot otel) kimi diaspor şirkətləri tərəfindən olmuşdur. Ermənistan tur operatorlarının təqribən 50%-i (təqribən 135 şirkət) diaspora və diaspora ilə əlaqəli şirkətlərdir.

Spirtli içki: Ermənistan spirtli içkilər sektoruna ilk investisiya qoyuluşları 90-cı illərin əvvəlində Manuk Plant (Fransız diasporası) və Armenian Lolik (ABŞ diasporası) tərəfindən olmuşdur. Sonrakı dövrlərdə, Rusiya diaspora tərəfindən Borodino Yerevan, Vaterlock, Aregak Brandy Company, Kaghtsrashen Vine Factory, Voske Takar, Arabkir Alco, Garry və Patrik qardaşları ölkəyə daxil olmuşdur.

Tekstil: Erməni diasporasının ən çox diqqətini cəlb edən tekstilin alt sektorlardan biri xalça istehsalıdır. Bu sahədə bazara ilk daxil olan şirkətlərdən biri olan Tifenkyan Transqafqaz kompaiyası ABŞ diasporasına məxsusdur. 1994-1996-cı illərdə Rusiya, ABŞ və İrandan olan erməni investorlar 6 şirkətə investisiya qoymuşlar. 1998-ci ildə ABŞ diasporalarından olan Garni Qrup, 2000-ci illərdə isə İsveçrə diasporasından İtar, ABŞ diasporasından Nane Dizayn, Armen karpt, Rusiya diasporasından Patrik və Garry qardaşları tərəfindən investisiyalar qoyulmuşdur.

Tikinti: 1994-1995-ci illərdə Ermənistanda tikinti sektoruna investisiya qoyan Ranchpar, Sipan və Arcon kimi şirkətlər ABŞ-dakı erməni diasporasına məxsusdur. Tikinti sektoruna diaspora investorlarının gəlişi əsas etibarilə 1998-1999-cu illərdə ABŞ-dan Qarni qrup, Hovanyan İnternational, Rusiyadan Villa Shin, Bamo, Soglasie gəlişi ilə baş vermişdir. 2001-ci ildə Lincy Conctruction Grant Project icrasına görə tikinti sektoru ən yüksək inkişaf mərhələsini keçmişdir və bu layihə vasitəsilə xeyli diaspora üzvləri İrəvan və ətrafında ev və mənzillər əldə etmişlər. Sonrakı illərdə tikinti sektoru İsveçrədən (İtraco), Rusiyadan (Fragma, Oridom, Karart, İrəvan, Marada), Böyük Britaniyadan (Raffi Arev), ABŞ-dan (Heritage Development, Artcar Construction, Jer Tag Enterprises, Masisavan, Vanahovit), İrandan (Alnes Construction, Dpirshin, Palimsest)  diaspora üzvlərinə məxsus investorları cəlb etmişlər.

Səftər Vəlizadə
AMEA-nın İqtisadiyyat İnstitunun doktorantı
“SR Audit Solutions” MMC-nin direktoru

 

Diasporpress.az