Misir, Əlcəzair, İraq və İordaniya mətbuatında azərbaycanlı şərqşünas və jurnalist Haşim Məmmədovun Azərbaycanla ərəb ölkələri arasında diplomatik və iqtisadi əlaqələrdən bəhs edən geniş məqaləsi dərc edilib.
Diasporpress.az azertag.az – a istinadən məlumat verir ki, “Əl Dovlə”, “Ənbaarmasr”, “Nile1”, “Əl Hərir”, “Aldiplomasy” və digər mətbuat orqanlarında yayılmış məqalədə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə xüsusi diqqət yetirildiyi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirildiyi qeyd olunur. Müəllif yazır: “İslam dünyası ilə əlaqələri inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa nail olmaq Dağlıq Qarabağ probleminin müsəlman aləminə, eyni zamanda, ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi. Çünki Dağlıq Qarabağ münaqişəsi meydana gələn ilk illərdə Ermənistan beynəlxalq aləmdə belə bir yalan rəy formalaşdırırdı ki, guya sözügedən münaqişə dini zəmindədir və Azərbaycan Dağlıq Qarabağda xristian olan erməniləri sıxışdırır. Bunun əksini sübut etmək üçün Azərbaycana İslam aləminin siyasi dəstəyi vacib idi. Eyni zamanda, mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı, İslam fondları, yardım cəmiyyətlərinin də azərbaycanlı qaçqın və məcburi köçkünlərə dəstək göstərməsinə nail olmaq lazım idi. Bu baxımdan ilk addım olaraq ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri xüsusi əhəmiyyət kəsb edirdi”.
Məqalədə diqqətə çatdırılıb ki, həmin ilin sentyabrında Misirə səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Qahirənin də siyasi dəstəyini ala bilib və iki ölkə prezidentlərinin görüşünün nəticələrinə dair verilən bəyanatda Misirin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı əksini tapıb. Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan Dostluq parkı salınıb, burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb. Eyni zamanda, Abşeron rayonunda Azərbaycan-Misir Dostluq parkı salınıb.
Məqalədə Azərbaycanla İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və Əlcəzair arasında əlaqələrdən, ölkəmizin İslam aləmində artan nüfuzundan da ətraflı bəhs olunub.
Bünyamin Bünyadzadə
Diasporpress.az