Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı elan edilib.
Bununla bağlı açıqlama Düşənbədəki Sədrəddin Ayni adına Opera və Balet Teatrında elan olunub.
MDB İcraiyyə Komitəsi sədrinin müavini Baketjan Jumanqulov və MDB Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun icraçı direktoru Anatoli İksanov öz çıxışlarında “Birliyin Mədəniyyət paytaxtları” Dövlətlərarası Proqram haqqında məlumat veriblər, “MDB-nin Mədəniyyət paytaxtı-2021” sertifikatını Düşənbə şəhərinin sədri Rüstəm Emamaliyə təqdim ediblər.
Sonra Düşənbə şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar sənədli film nümayiş etdirilib, Tacikistanın və Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər ölkələrin incəsənət xadimlərinin ifasında geniş konsert proqramı olub.
Xatırladırıq ki, 2015-ci ildə Gəncə, 2017-ci ildə isə Qəbələ şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.
Diasporpress.az