Böyük Britaniyanin və Şimali İrlandiya Birləşmiş Krallığının bir sıra şəhərlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Zəfər fləşmobu keçirilib.
soydaşlarımız xalqımızı Zəfər Günü münasibətilə təbrik ediblər.
Onlar Azərbaycan bayrağını dalğalandırıb, “Zəfər Günün mübarək, Azərbaycan!”, “Qarabağ Azərbaycandır!”, “Biz Azərbaycan Qəhrəmanları ilə qürur duyuruq!”, “Xarıbülbül Qarabağ Qələbəsinin rəmzidir”, “Azərbaycan Qarabağı azad edib”, “Qarabağ Bizim Qələbəmizdir!”, “Sülh Qarabağa döndü. Biz Qarabağı geri qaytardıq”, “Yaşasın azad Qarabağ, azad Şuşa!” və digər şüarları səsləndiriblər.
İsveçin paytaxtı Stokholm şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatın əks olunduğu avtomobil Stokholm şəhərinin mərkəzi küçələrində hərəkət edib.
Gürcüstanın Tbilisi şəhərinin mərkəzində yerləşən “Rike” parkda fləşmob keçirilib. Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Üzərində Zəfər bayramının və Şuşanın simvolu – Xarı bülbülün təsviri olan ağ köynək geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkizguşəli ulduzun yer aldığı lövhələrdə Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar.
Moldovanın paytaxtı Kişinyov şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş yürüş və tədbir keçirilib. Yürüşdə soydaşlarımız və yerli xalq iştirak edib.
Həmçinin, Londonda da Zəfər Günü münasibətilə aksiya təşkil olunub. Aksiya zamanı üzərində Zəfər Günü ilə bağlı fotomateriallar yerləşdirilmiş LED ekranlı avtomobillərin hərəkəti təmin olunub.
Şəhərin Trafalgar Square, Piccadilli Circus, Parlament Square, London Eye kimi məşhur ərazilərində hərəkət edən avtomobillərin rəqəmsal monitorunda Azərbaycan xəritəsinin, “Xarı bülbül” rəmzinin, Şuşanın və Ağdamın təsvirləri, “Azərbaycanın Zəfər Günü. 8 noyabr 2021”, “Qarabağ Azərbaycandır!”, “Şuşa, sən azadsan!” şüarları əks olunub.
Berlində Brandenburq qapıları önündə “Zəfərə gedən 44 gün” adlı sərgi nümayiş olunub. Berlin şəhərindəki Brandenburq qapıları önündə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən 44 gün” adlı fotosərgi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan tədbir zamanı soydaşlarımız Azərbaycanın böyük ölçülü dövlət bayrağını coşqu ilə dalğalandırıblar. Meydanda azad edilmiş torpaqlarımızda Ermənistanın törətdiyi vandalizm aktlarını sübut edən fotomateriallar nümayiş etdirilib.
Zəfər Günü münasibətilə Misirdə yaşayan azərbaycanlı xanımların və azyaşlı uşaqların iştirakı ilə tədbir təşkil edilib.
Nyu-Yorkda Zəfər Günü münasibətilə avtoyürüş keçirilib, Azərbaycan və ABŞ bayraqları ucaldılıb. Soydaşlarımızın Azərbaycan, Türkiyə və ABŞ bayraqları ilə bəzədilmiş avtomobillərini Azərbaycan həqiqətlərini əks etdirən LED ekranli maşın müşayiət edib.
Omanda yaşayan həmvətənlərimiz 8 Noyabr – Zəfər Günü münasibətilə paytaxt Məsqət şəhərində bir araya gəliblər.
Oslo şəhərindəki Norveç parlamenti binasının – Stortingetin qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə “Böyük qayıdış” adlı aksiya keçirilib. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları şəhidlərimizin şəkillərini, “Həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsinə”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağa böyük qayıdış” şüarlarını əks etdirən posterləri nümayiş etdiriblər.