Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitq söylədi. Möhtərəm Prezident öz çıxışında qeyd etdi ki, biz bu gün azad Qarabağda, azad Şuşada Dünya azərbaycanlılarının Qurultayını keçiririk. Bu Qurultayın adı Zəfər qurultayıdır. Çünkü tarixi zəfərdən sonra ilk dəfədir ki, Dünya Azərbaycanlıları bir yerə toplaşıblar.
Azərbaycanda diaspor quruculuğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə məhz dahi siyasətçinin təşəbbüsü və rəhbərliyi ilə Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayı keçirilib. Bu uğurlu başlanğıcdan sonrakı dövrdə möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə ölkəmizdə Dünya Azərbaycanlılarının daha üç qurultayı keçirilib. Qeyd etmək lazımdır ki, beşinci qurultayda xalqımızın milli birliyi və həmrəyliyinin daha da gücləndirilməsinin vacibliyi ilə bağlı çoxlu fikir və tövsiyələr səsləndirildi.
Cənab Prezident öz çıxışında qələbəmizin, Zəfər gününün necə əldə olunması, torpaqlarımızın erməni işğalçılarından azad olunması, mənfur düşmənlərimizin belinin necə qırılması barədə ətraflı məlumat verdi. Azərbaycan bu möhtəşəm qələbəsi ilə tarix içərisində möcüzələrlə dolu yeni tarix yazdı. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaqdır.
Rəmzi məna daşıyan bu qurultay ermənilərə və onların havadarlarına ciddi bir mesaj idi. Bu toplanış soydaşlarımızın mütəşəkkilliyini və fəallığını daha da artıracaq.
Prezident İlham Əliyevin Şuşada keçirilən qurultaydakı söylədiyi fikirlər xalqımızın və dövlət başçısının Azərbaycanın regionda yaratdığı reallıqlarla bağlı prinsipial mövqeyi idi. Bir daha bəyan olundu ki, bizi ədalətli mövqeyimizdən heç kim döndərə bilməyəcək. Azərbaycan ermənistanın işğalçılıq siyasətinə əbədi olaraq son qoyub. Bölgədəki prosseslər güclü orduya, iqtisadi potensiala, siyasi nüfuza malik Azərbaycanın müəyyənləşdirdiyi gündəliyə uyğun cərəyan edir. Həm ermənistan, həm də dünya ictimayəti bu mesajlardan mütləq bir nəticə çıxarmalı olacaqlar. Soydaşlarımızın Qarabağa, Şuşaya səfəri çox böyük əhəmiyyət kəsb edir. Onlar öz gözləri ilə erməni vəhşiliklərinin şahidi oldular və onlar bu tədbirdən sonra gördüklərini daha geniş formada ictimayətin diqqətinə çatdıra biləcəklər, həmdə bizim qələbəmizin daha da möhkəmlənməsinə öz tövhələrini verəcəklər.
Şuşa Qurultayı Azərbaycanlıların Milli birliyinin, həmrəyliyinin təntənəsi idi. Bu bir daha göstərdi ki, harada yaşamasından asılı olmayaraq soydaşlarımızın ürəyi Vətənlə döyünür. Dünyada Milli birliyimizin azərbaycançılıq modeli formalaşıb. Bu modelin təməlində dilimizə, torpağımıza, tariximizə, mədəniyyətimizə, adət ənənəmizə sevgi-hörmət dayanır. Şuşa Qurultayı həm də Azərbaycanın post münaqişə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlərin təqdimatı idi. Sülhsevər, gələcəyə böyük ümüdlərlə baxan xalqımız və dövlətimiz nəhəng layihələrlə ərazilərimizi yenidən dirçəldir, böyük qayıdış üçün şəhər və kəndlərimiz ən müasir tələblər səviyyəsində qurulur.
Şuşa qurultayında Prezident İlham Əliyev ümummilli hədəflər sırasında milli-mənəvi dəyərlərimizin qorunub-zənginləşdirilməsinə də xüsusi diqqət yetirdi. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, dünyanın hər yerində yaşayan soydaşımız milli dəyərlərimiz sırasında, ilk növbədə, Azərbaycan dilini qoruyub saxlamaq üçün milli məktəblər açmaq kimi zəruri vasitələrdən istifadə etməlidirlər: “Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Öz ölkəsinə, Vətəninə layiqli, faydalı insanlar kimi yetişməlidirlər.
Bu qurultayda böyük qələbədən, şəksiz zəfərdən, əldə silah, şərəf və ləyaqətini qoruyan ulu bir millətdən, goreşənlər tərəfindən dağıdılmış, viran qoyulmuş olsa da, tarixi torpaqlarını azad etmiş müzəffər ordudan, ölümün üzərinə dirigözlü yeriyən azad ruhlu əsgərdən, torpaq uğrunda canını fəda etmiş şəhiddən, qazidən danışıldı. Bu fikirlər dünyanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımıza ruh verdi. Biz də inanırıq ki, bu qələbə əbədi olacaq və tezliklə sülh müqaviləsi də imzalanacaq və Azərbaycan xalqı azad, rahat şəraitdə yaşayacaq.
“Suraxanı maşınqayırma zavodu” ASC-nin
böyük hüquq məsləhətçisi Məşkur Mirzəyev