“Çində “Sinovac” şirkəti tərəfindən koronavirusa qarşı işlənib hazırlanan vaksinin üstünlükləri çoxdur”.
Bunu açıqlamasında Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.
O qeyd edib ki, vaksin ənənəvi üsulla hazırlanır:
“Yəni COVID-19 virusları müxtəlif mühitdə çoxaldıqdan sonra fiziki və kimyəvi metodlarla öldürülərək, inaktiv hala gətirilir. Öldürülmüş virus hissəciklərini vücuda verdikdə hər hansı xəstəliklərə səbəb olacağı mümkün ola bilməz. Hazırda Avropaa ölkələrində virusların mutasiya olunması barədə insanlarda tərəddüdlər vardır.
Bu peyvəndlərin istifadə edilməsi mutasiyaya məruz qalmış virusların törətdiyi xəstəliklərə qarşı effektliyini yüksək dərəcədə azaltmaya bilir. Yəni virus mutasiyaya uğrasa da, vaksinin effektliyi yüksək səviyyədə qorunub, qala bilər. Hazırlanan vaksin istehsalçı bölgədən dünyanın hər hansı bir ölkəsinə asanlıqla daşına bilir.
Soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır. Digər vaksinlərdə isə -70 dərəcəyə kimi saxlanması tələb olunur. Vaksinin üçüncü fazada araşdırılmasında türkiyəli alimlər də iştirak edib.
25 mərkəzdə 13 mindən insana vaksin edilib, araşdırma aparılıb. Nəticənin yüksək səviyyədə olduğu təsdiqlənib. Vaksin daha çox ölkədə klinik testdən uğurlu şəkildə çıxıb”.
Qeyd edək ki, Çin “Sinovac”ın iyul ayından yüksək risk qrupları üçün istifadə olunduğunu təsdiq edib. Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongvei bildirib ki, bir milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb.
İndoneziya və Türkiyə indiyədək “Sinovac” vaksininin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub. Müvafiq olaraq 97 və 91.25 faizdir.
A.Allahverdiyev qeyd edib ki, COVID-19-a qarşı müxtəlif yollarla hazırlanan vaksinlər mövcuddur:
“Ümumdünya Səhiyyə Təşkilatı vaksinləri dəqiq şəkildə incələyib. Onların icazəsindən sonra vaksinlər tətbiq olunur. Ənənəvi metodlarla hazırlanan “Sinovac” vaksininin tətbiqində az da olsa, qızartının olması mümkün ola bilir. Bu halla digər vaksinlərin tətbiqində də qarşılaşmaq mümkündür.
Texnoloji şəkildə hazırlanan vaksinlər yenidir, onlarla uzun müddətdən sonra nə baş verəcəyini hələlik kimsə bilmir. Bunu zaman göstərəcək. Azərbaycan dövləti də dünyada yaradılan vaksinləri ciddi şəkildə incələyir, ölkə üçün təhlükəsiz və güvənli, effektli vaksinin daxil olmasını araşdırır. Yaxın bir zamanda vaksinlər ölkəmizə daxil olacaq”.
Çinin verdiyi məlumata görə, 100-dən çox ölkə – Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və bir çox digər dövlətlər “Sinovac” vaksinini sifariş ediblər.
İstehsalçı “Sinopharm” şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub.
Diqqəti cəlb edən məqam odur ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.
Diasporpress.az