Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Almaniyadakı səfirliyimizin və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə reallaşıb.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə bu ölkədəki səfirimiz Ramin Həsənov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev çıxış edərək azərbaycanlıların birliyinin və həmrəyliyinin ölkəmiz və xalqımız üçün əhəmiyyətindən söz açıblar.
Çıxışlarda diaspor ilə işin hər zaman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət mərkəzində olduğu, məhz onun sayəsində diasporla işin dövlət siyasətinin istiqamətlərindən birinə çevrildiyi qeyd olunub. Bu cür siyasətin əsas məqsədinin xarici ölkələrdə yaşayan soydaşların öz vətənlərinə bağlılığını, milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın maraqlarının təmin edilməsində xaricdə yaşayan azərbaycanlıların rolunu artırmaq, eləcə də diasporun hüquqlarının qorunmasını təmin etməkdən ibarət olduğu bildirilib. Bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi nəzərə çatdırılıb.
Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sosial, mədəni sahələrdə rəsmi səviyyədə aparılan siyasətin vətəndaş səviyyəsində nümayiş etdirilən müvafiq həmrəylik və təşəbbüslərlə tamamlanmasının həmin siyasətin daha səmərəli nəticələr verməsinə töhfə verdiyi qeyd edilib. Ölkəmiz üçün əsas problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyon azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqət mərkəzində saxlanılması, Ermənistan tərəfindən, habelə xarici dövlətlərdə fəaliyyət göstərən erməni diaspor təşkilatları və erməni mənşəli şəxslər tərəfindən ölkəmizə qarşı atılan addımların qarşısının alınmasında Azərbaycan diasporunun aktiv fəaliyyətinə hər zaman ehtiyac duyulduğu diqqətə çatdırılıb.
Almaniyadakı diaspor təşkilatları tərəfindən həyata keçirilən tədbirlərin məzmunu və miqyasının müxtəlif olduğu, bu tədbirlərin Azərbaycan həqiqətlərinin Almaniya cəmiyyətinə çatdırılmasına, milli-mədəni irsimizin, adət-ənənələrimizin təşviqinə xidmət etdiyi qeyd edilib. Hazırda Almaniyada müxtəlif diaspor təşkilatlarını özündə birləşdirən Almaniya Azərbaycanlıları Alyansının fəaliyyət göstərdiyi, Berlində və Kölndə Azərbaycan evlərinin açıldığı bildirilib. Diaspor nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans, seminar, milli bayram, aksiya, hüzn və anım günləri kimi tədbirlərin yüksək səviyyədə qeyd olunmasının artıq ənənə halını aldığı vurğulanıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, Paris Sülh Konfransına ezam olunmuş Azərbaycan nümayəndə heyətinin üzləşdikləri çətinliklərə və çoxsaylı fədakarlıqlara baxmayaraq, AXC-nin beynəlxalq miqyasda tanınmasına nail olmalarını əks etdirən “Əbədi ezamiyyət” sənədli filmi tədbirdə nümayiş olunub. Film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir Azərbaycan xalq mahnılarından ibarət musiqi proqramı ilə davam etdirilib və tədbir iştirakçılarına ziyafət verilib.
DiasporPress.az