Diaspor

Dünya Azərbaycanlılarından “Qarabağ Dirçəliş Fondu”na dəstək

Dünya Azərbaycanlılarından “Qarabağ Dirçəliş Fondu”na dəstəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin sərəncamı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb və ötən gün Fondun Müşahidə Şurasının ilk iclası keçirilib.

 

Fondun yaradılmasında məqsəd işğaldan azad edilmiş bölgələrdə abadlıq-quruculuq işlərinin qısa zaman kəsiyində həyata keçirilməsinə dəstək verməkdir.

 

Maraqlıdır, xaricdə yaşayan azərbaycanlılar, diaspor fəalları bu işə necə dəstək verəcəklər?

 

Niderland və Belçikadakı yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva deyir ki, yeni yaradılan Fonda xaricdəki azərbaycanlılardan dəstək olacaq.

 

“Qarabağ Dirçəliş Fondu”nun yaradılmasını biz də alqışlayırıq. Bu, çox müsbət haldır. Fondun tərkibi də fərqli sahələrdə çalışan insanlarla zəngindir. Əminəm ki, xaricdə yaşayan imkanlı azərbaycanlılar bu Fonda mütləq dəstək olacaqlar. Çünki biz pandemiya və Vətən müharibəsi zamanı bir olduq, birgə olduq, birlik nümayiş etdirdik. İnsanlarımız könüllü olaraq dəstək oldular. Bu ənənə “Qarabağ Dirçəliş Fondu” üçün də davam edəcək. Biz Vətən müharibəsində xaricdə yaşayan neçə-neçə azərbaycanlının döyüşmək üçün Azərbaycana getmək istəməsinin şahidi olduq. Diaspor sahəsində çalışan insanlar olaraq hər zamankı kimi dövlətimizin yanındayıq. Ümid edirik ki, xaricdə yaşayan imkanlı şəxslər bu Fonda qatqıda bulunacaqlar”.

 

Azərbaycan Fransa mədəniyyət  assosiasiasının sədri, Nant Qarabağ  məktəbinin layihə rəhbəri Toğrul Zeynalov deyir ki, “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasının əhəmiyyəti böyükdür:

 

“Məsələnin mahiyyətinə baxanda bu Fondun zərurətdən yarandığını görmək olar.  Dünyanın istənilən ölkəsində yaşayan hər azərbaycanlı Qarabağı öz yurdu özünün evi hesab etməlidir. Necə ki, müharibə dövrü millət olaraq dünyaya həmrəylik nümayiş etdirdik.

 

Hesab edirəm ki, “Qarabağ Dirçəliş Fondu”  vasitəsilə bunu davam etdirə bilərik. Həmcinin hər kəs anlamalıdır ki,olkəmiz müharibədən çıxmış dövlətdir. Hər bir müharibəyə böyük maliyyələr tələb olunur əlavə olaraq qeyd edim ki, dünyada bir pandemiya bəlası tüğyan edir və dövlətin yükünü azaltmaq lazımdır. Hər birimiz bu işdə aktiv olmalıyıq. Biz də Azərbaycan Fransa Kültürəl Assosiasiyası olaraq bu işlərlə bağlı tədbirlər planı hazırlayırıq. Yaxın günlərdə bu barədə geniş ictimaiyyətə məlumat verəcəyik”.

 

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov belə bir Fondun yaradılmasını insanların tez bir zamanda Qarabağa qayıtması üçün başlanğıc olduğunu bildirib:

 

“Qarabağ Dirçəliş Fondu”nun yaradılması çox yaxşı təşəbbüsdür. Bu o deməkdir ki, insanlarımız qısa zaman ərzində Qarabağa qayıtmalıdır. Hesab edirəm ki, xaricdə yaşayan imkanlı azərbaycanlılar, biznesmenlər bu Fonda dəstək olacaq. Ancaq mənim bəzi fikirlərim var. Düşünürəm ki, biz ermənilərdən təzminat tələb etməliyik. 30 ilə yaxın müddətdə onlar bizim tarixi və dini abidələrimizi məhv ediblər, infrastrukturu dağıdıblar. Ona görə də BMT kimi təşkilat təcili formada Ermənistandan dəymiş ziyanın məbləğini tələb etməli və həmin məbləğ hesabına Qarabağımız dirçəlməlidir. Təbii bu mənim fikrimdir. Ancaq xaricdə yaşayan imkanlı azərbaycanlı iş adamları aktiv olmalıdırlar. Çünki bir çox ölkələrin hansısa nümayəndəsi yaşadığı ölkədə böyük biznes şəbəkəsi qurubsa,  həmin şəxs dərhal öz dövlətinə dəstək olur. İnanıram ki, biz bu halı “Qarabağ Dirçəliş Fondu”na qarşı görəcəyik. İmkanlı azərbaycanlılar dəstək nümayiş etdirəcəklər”.