Diasporla İş üzrə Dövlət Komitəsinin “28 may-Respublika günü” münasibətilə təşkil etdiyi virtual konfransa 58 ölkədən 367 soydaşımız qatılıb.
O cümlədən Cümhuriyyətçilərin müxtəlif ölkələrdə yaşayan varisləri, eyni zamanda İkinci Qarabağ müharibəsi qəhrəmanlarının yaxınları, şəhid ailələrinin üzvləri, “Karabakh is Azerbaijan” platformasının təmsilçiləri, diaspor könüllüləri və diaspor gəncləri də onlayn konfransda iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dünya azərbaycanlılarını Respublika günü münasibəti ilə təbrik edən komitə sədri Fuad Muradov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuzun Vətən savaşında qazandığı misilsiz zəfərdən danışıb, dünya azərbaycanlılarının Vətən müharibəsi dövründəki aktiv fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib.
Konfrans iştirakçıları Azərbaycanın dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində son günlər Ermənistanın törətdiyi təxribata diqqət çəkib, dövlət sərhədindəki insidentlə əlaqədar dünya ictimaiyyətinin dərhal və obyektiv məlumatlandırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Azərbaycan Xalq Cümhuriyyəti ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan varisi Mariya xan Xoyskaya bildirib ki: “Mən çox şadam ki, Azərbaycan dünyada öz layiqli yerini tutub və onun parlaq gələcəyi var”.
“Azərbaycanın ərazi bütövlüyü bərpa olunduğuna görə bu il Respublika Günü bütün azərbaycanlılar üçün ikiqat bayramdır” deyən soydaşlarımız böyük fəxarət hissi ilə bildiriblər ki, heç bir kənar iradəyə tabe olmadan müstəqil siyasət aparan Azərbaycan kimi qüdrətli bir dövlətimiz var, “Qarabağ Azərbaycandır!” şüarı dəyişməz həqiqəti ifadə edir və dünya artıq bu reallığı qəbul edib.
Diasporpress.az