Ölkə

Dövlət Komitəsinin sədri Bahar Muradova Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşüb

Dövlət Komitəsinin sədri Bahar Muradova Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşü keçirilib.

Qonaqları salamlayan Bahar Muradova, xanım Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Dünya Bankı arasındakı əlaqələrin tarixinin 90-cı illərə dayandığını bildirən sədr onu da vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müharibə şəraitində yaşadığı bir dövrdə əməkdaşlıq etdiyi ilk beynəlxalq təşkilatlardan biri də məhz Dünya Bankı idi.

Sədr bildirib ki, beynəlxalq iqtisadi əlaqələrin güclənməsində, bank sisteminin və sosial infrasutrukturun təkmilləşməsində, vətəndaşların bu prosesdə əlçatanlığının təmin olunmasında, məşğulluq və gender bərabərliyi sahələrində araşdırmaların həyata keçirilməsində Dünya Bankı ilə əməkdaşlığın rolu böyükdür.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri haqqında danışan Bahar Muradova ailələrin, qadınların, uşaqların, xüsusilə həssas təbəqədən olan insanların və onların sosial hüquqlarının qorunması, bu istiqamətdə görülən işlər və gələcək layihələr haqqında məlumat verib. O, qeyd edib ki, bu gün işğaldan azad olunan əraziləri dirçəltmək, inkişaf etdirmək, qaçqın və məcburi-köçkünlərimizi öz yurd-yuvasına qaytarmaq qarşımızda dayanan əsas vəzifələrdən biridir. O, Dünya Bankı ilə işğaldan azad olunan ərazilərdə həyata keçiriləcək irimiqyaslı sosial və humanitar layihələrin yaxın tərəfdaşı olmaqdan məmnunluq duyacağını əlavə edib.

Daha sonra çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl səmimi qəbula görə təşəkkürünü bildirib. Növbəti il Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 30 illiyinin qeyd olunacağını qeyd edən xanım S. Maykl ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Azərbaycandakı fəaliyyətlərinin bütün dövrü ərzində məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələri dəstəklədiklərini diqqətə çatdıran qonaq, bundan sonra da aidiyyatı üzrə bu prosesi dəstəkləməyə hazır olduqlarını ifadə edib. “Mən əminəm ki, bundan sonrakı dövrdə də həm idarəetmədə təmsil olunan, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların inkluzivliyini dəstəkləmək üçün daha çox iş görə bilərik”.

Görüşdə qadınların ictimai-siyasi həyatda fəal iştirakı, onların dövlət idarəçiliyində təmsilçiliyi, iqtisadi cəhətdən gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb, həmçinin əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirələr olunub.

Qeyd edək ki, görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, mətbuat katibi Teymur Məmmədov, Dünya Bankının əməliyyat üzrə baş mütəxəssisi Səidə Bağırlı da iştirak edib.