Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan Komitə sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyətinə nəzər salıb, diasporla işin düzgün qurulmasının istiqamətləri və qarşıda duran yeni hədəflər barədə danışıb. O, bildirib ki, “Möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycan diasporuna qayğısı, Dövlət Komitəsinə münasibəti öz müsbət nəticələrini verir. Bizim işimiz, həmçinin diasporumuzun səmərəli fəaliyyəti ölkəmizin müstəqilliyinin qorunması ilə birbaşa bağlıdır. Biz bu işdə məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik və strateji hədəflərimizə çatmaq yolunda var gücümüzlə çalışırıq”.
Diqqətə çatdırılıb ki, qısa müddətdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaranıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platfor-malarda birləşməsi üçün mühüm addımlar atılıb. Diaspor təşkilatları və ayrı-ayrı şəxslər Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, heç bir əsası olmayan erməni iddialarının ifşası ilə əlaqədar böyük işlər görürlər. Diasporumuzla real və virtual əlaqələrin daha da möhkəmlənməsinin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə soydaşımız özünü bu xalqın və bu vətənin bir parçası kimi hiss edir.
İclasda “İnsan resursları, hüquq və sənədlər iş” və “Təbliğat, informasiya və analitik təhlil” şöbələrinin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Bildirilib ki, son 2 il ərzində 8 normativ-hüquqi sənəd layihəsi hazırlanıb, sənədlərin elektron bazası formalaşdırılıb, informasiya və təbliğat işinin təşkili istiqamətində Media, İKT Mərkəzi formalaşdırılıb, rəsmi internet saytı üç dildə fəaliyyət göstərir və 98 ölkədən izlənir. Mərkəzə daxil olan infoqrafik xəritədə 49 ölkədə fəaliyyət göstərən 500-dən çox diaspor təşkilatı haqqında informasiya toplanıb, son dövrlər elektron müraciətlərin sayı artıb və operativ şəkildə cavablandırılır. Məruzələrdə sənəd dövriyyəsi, Diaspor TV və Diaspor FM-in fəaliyyəti, sosial şəbəkələrdə işin qurulması, Komitədə yaradılan informasiya bazası və ondan istifadə və s. məsələlər konkret rəqəmlərlə diqqətə çatdırılıb.
Komitənin həyata keçirdiyi irihəcmli layihələr, informasiya və təbliğat sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan Strateji Yol xəritəsinin həyata keçirilməsində kollektivin məsuliyyəti, hər bir şəxsin peşəkar vərdişlərinin daha da təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub, statistik göstəricilər təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.
DiasporPress.az