Müasir dünyada diaspor təşkilatlarının formalaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi istənilən ölkənin prioritet məsələləri sırasındadır. Əlbəttə ki, bu sırada Azərbaycan da istisna deyil və dünyanın çox sayda ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlandırılması istiqamətində ciddi addımlar atılır.
Qeyd etmək yerinə düşər ki, hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi sayəsində diaspor məsələsinə ciddi diqqət yetirildi və nəticədə bu sahədə əsil dönüş yarandı. Təbii ki, əsası qoyulan bu yol ümummilli liderin, həm də onun siyasətinin davamçısı olan Prezident, Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birinə çevrilib.
Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil ölkəmiz, dövlətimiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunmasına yönəlik fəaliyyət fasiləsiz olaraq, davam etdirilir.
Azərbaycan dövlət rəhbərliyinin bu sahədə imzaladığı bütün sənədlər, atdığı addımlar diaspor fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından, müstəsna əhəmiyyət kəsb edib.
Amma mütləq nəzərə almaq lazım gəlir ki, cəmi 3 il bundan əvvələ qədər Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair narazılıqlar media və sosial şəbəkələrin əsas mövzuları sırasında idi. Əslində, disapor siyasətində əsaslı dəyişikliklərin gerçəkləşməsi də bəhs olunan həmin narazılıqlarla şərtlənirdi.
Obyektivlik naminə qeyd edilməlidir ki, Fuad Muradovun Dövlət Komitəsinə sədr təyinatı diaspor quruculuğu istiqamətində həyata keçirilən uğurlu fəaliyyətin intensivliyini xeyli artırıb. Bu təyinat diasporun fəaliyyətində yeni canlanma yaradaraq, xüsusilə gənclərin xaricdəki soydaşlarımızla bağlı daha geniş miqyasda fəaliyyət göstərmələrinə yol açdı. Əslində, bu məsələdə müasir, intellektual Azərbaycan gəncliyinin təmsilçisi olan Fuad Muradovun rolu mütləq vurğulanmalıdır.
Son 3 ildə Azərbaycan diasporunun fəaliyyəti ilə əlaqədar həyata keçirilən tədbirlər öz rəngarəngliyi və aktuallığı ilə seçilir. Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinə, şəbəkələşməsinə xidmət edən Diaspor Gənclərinin Yay Düşərgəsi bu mənada öz məqsədlərinə artıqlaması ilə nail oldu. Hər halda, 2020-ci ildən etibarən, dünyanı cənginə alan COVID-19 pandemiyası olmasaydı, o düşərgələrin fəaliyyəti nəticəsində yeni uğurlar əldə ediləcəkdi.
Eyni zamanda, ötən il Komitənin Media Mərkəzi formalaşdırılıb. Media Mərkəzinə Diaspor TV, Diaspor FM və Multimedia Mərkəzi kimi strukturlar daxildir. Diaspor TV-də “Dünyada yaşayan azırbaycanlıları tanıyaq-tanıdaq”, Onlayn Azərbaycan dili dərsləri, “Qarabağ” rubrikası, “Bir şerin sədasında” bölmələri fəaliyyət göstərir. Paralel olaraq, Dövlət Komitəsinin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda 2 dəfə “Vətən uzaqda deyil” adlı veriliş yayımlanmağa başlayıb.
Digər tərəfdən, son iki ildə Dövlət Komitəsində görülən işlər əvvəlki arzuedilməz narazılıqların aradan qaldırılması baxımından da, çox səmərəli olub. Çox sevindirici haldır ki, diaspor qurumlarımız və fəallarımız arasında yaşanmış irili-xırdalı bütün narazılıqlar artıq unudulub və təkrarlanmamaq şərtilə keçmişdə qalıb.
Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə, təkcə 2019-cu ildə İspaniya, İtaliya, Polşa, Macarıstan, Estoniya, Latviya və Litvada Komitənin nümayəndə heyətinin iştirakı ilə Azərbaycanlıların Koordinasiya Şuraları yaradılıb. Ümumilikdə 11 Koordinasiya Şurası təsis edilib və bunlar 29 ölkəni əhatə edir. O cümlədən, ABŞ və Türkiyədə Şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılıb və bu işlər “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir.
Bu müddət ərzində həyata keçirilən ən mühüm işlərdən biri də Fransa, İsveç, Polşa və İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq soydaşlarımızın istifadəsinə verilməsidir. 2019-cu il xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan evləri ilə də yaddaqalan oldu. Ümumilikdə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib və bu istiqamətdə işlər davam edir. Almaniyada Azərbaycan evləri həm Berlində, həm də Köln şəhərində fəaliyyət göstərir. Qarşıdakı dönəmdə daha 8 evin açılması planlaşdırılır.
Həmçinin diaspor təşkilatlarımızın fəaliyyətini əlaqələndirmək məqsədilə ilkin olaraq, 7 Koordinasiya Şurası yaradılıb və artıq bu günə 27 ölkə üzrə analoji qurumların sayı 13-ə çatdırılıb. Bundan başqa, “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilib, 4 ölkədə “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlayıb. Ən əlamətdar hadisələrdən biri də xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan Evləri yaradılmasının dönməz prosesə çevrilməsidir. İndiyə qədər Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan Evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib və bu istiqamətdə işlər davam edir.
Dövlət Komitəsinin son 3 illik fəaliyyətinə nəzər saldıqda diaspor qurumlarının yenidən təşkilatlanmaları istiqamətində görülən işlərin effektivliyi diqqətdən yayınmır. Bu çərçivədə diaspor təşkilatları vasitəsilə bir çox ölkələrdə Azərbaycan Evlərinin yaradılması, Koordinasiya Şuralarının formalaşdırılması və Qarabağ Məktəblərinin açılması Komitənin ən uğurlu layihələrindən sayılır.
Sözsüz ki, Dövlət Komitəsinin son 1 illik fəaliyyətində öncə Tovuz döyüşləri, daha sonra isə 44 günlük Vətən Müharibəsi xüsusi yer tutmaqdadır. Tovuz döyüşlərinin vüsət aldığı ötən ilin yayında dünyanın əksər ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın maksimum fəallaşdırılması və onlar tərəfindən çox təsirli aksiyaların keçirilməsi Komitənin böyük uğuru kimi qiymətləndirilməlidir. Bundan başqa, Komitə Vətən Müharibəsinin gedişində və ondan sonra diaspor təşkilatlarını vahid milli məqsəd ətrafında səfərbər edərək, onların potensialını effektli şəkildə səfərbər etməyi bacardı.
Ancaq bütün hallarda təqdim olunan bu müsbət mənzərə Azərbaycan diasporunun fəaliyyətinə mənfi təsir göstərən neqativ halların tamamilə aradan qaldırıldığı anlamına gəlmir. Lakin əsas məqam bundan ibarətdir ki, diasporun fəaliyyətinə dair 20-30 il ərzində yığılan problemlərin həllinə yönəlik təsirli və ardıcıl addımlar atılmaqdadır. Ona görə də, xatırladılan problemlərin qısa müddətdə çözüləcəyinə inanırıq.
DİASPORPress.az