Ölkə

Dil bir millətin var olma səbəbidir

Dil bir millətin var olma səbəbidirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında təsbit olunması haqqında

Dil-bir millətin var olma səbəbidir. Dil bir millətin etiketidir. Onun  digər millətlər içərisində varlığını təcəssüm edir.

Bu səbəbdəndir ki, tarixən bir ərazini işğal edən yadellilər məhz o ərazidə yaşayan toplumun dilini unutdurmağa çalışmışlar. Dilini unudanlar sonradan adət ənənəsini də, soy-köklərini də unutmuş və assimliyasiya olunmuşlar.

Azərbaycan xalqı da tarix boyu müxtəlif işğalçıların hücumlarına məruz qalmış. O, işğalçılar öz dillərini, adət və ənənələrini bu ərazilərə yaymaq üçün “köçürmə siyasəti”ndən istifadə edərək yadelliləri Azərbaycan torpaqlarına köçürsələrdə zaman keçdikcə özləri assimiasiyaya uğramışlar.

1828-ci ildə Türkmənçay sülh müqaviləsi ilə Azərbaycan Rusiya ilə İran ərazisində bölündükdən sonra Araz çayından Cənubda olan Azərbaycan torpaqları İranın şimalda olan torpaqlar ilə Rusiyanın işğalı altına düşdü.

İşğalçıların bütün səylərinə baxmayaraq Azərbaycan milləti öz dilini qoruyub saxladı.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dili dövlət dili statusu aldı və bu Cənubu Azərbaycanda da Azərbaycan dilinin möhkəmlənməsinə təkan verdi.

1920-ci ildə Azərbaycanın yenidən Rusiya tərəfindən işğalı və AXC-nin süqutundan sonra Azərbaycan dilinə təzyiqlər gücləndi.

1964-cü ildə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Sovetinin yanında Dövlət Təhlükəsizliyi Komitəsinin Sədr müavini və 1967-ci ildə sədri vəzifəsinə gəldikdən sonra azərbaycanlıların dövlət orqanlarına yüksək vəzifələrə yolları açıldı. Bu da Azərbaycan dilini artıq dövlət orqanlarında əsas danışıq dili səviyyəsinə yüksəltdi.

1969-cu ildə Heydər Əliyev Azərbaycan KPMK-nin birinci katibi vəzifəsinə seçilməsi ilə artıq Azərbaycan dilinin status məsələsi gündəmə gəldi.

Ulu Öndər Heydər Əliyevin cəsarəti və  uzunmüddətli mübarizəsi nəticəsində  1978-ci il 21 aprel tarixində qəbul edilmiş Azərbaycan SSR-nin konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi salındı.

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Həmin Qanun 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında:

– “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

– “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

– “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.

Bakı şəhəri Mehdi Mehdiyev adına 280 №li  tam orta məktəbin direkroru

Nizami Niftiyev