Finlandiyanın Helsinki şəhərində yaşayan soydaşımız, “Azər–türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın namizədliyi Uusimaa vilayətinin Kirkkonummi icmasının bələdiyyə seçkilərində qeydə alınıb.
Seçkilərin aprelin 18-də gerçəkləşdirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Bələdiyyə seçkilərinin iyunun 13-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Finlandiyanın ictimai-siyasi həyatında və Azərbaycan diaspor hərəkatında fəal iştirak edən Ülviyyə Cabbarova Helsinki şəhərində miqrantların qəbulu mərkəzində çalışır və bir neçə xarici dildə sərbəst danışır. Finlandiyanın Sosial Demokrat Partiyasının üzvüdür. 16 ildir bu ölkədə Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, incəsənətinin təbliği istiqamətində xüsusi fəallıq göstərir. Ötən il “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Ülviyyə xanımın bələdiyyə seçkilərində iştirakını alqışlayır və soydaşımıza uğurlar arzu edir.
Diasporpress.az