“Ukraynadan Azərbaycana qayıtmaq üçün 750-yə yaxın soydaşımız qeydiyyata alınıb”.
DiasporPress.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində məlumat verib.
O bildirib ki, Ukrayna ilə Azərbaycan arasında martın 17-dən etibarən hava nəqliyyatı bağlanıb:
“Azərbaycana təxliyyə olunmaq üçün növbəyə duran 750 nəfərdən 250-si vətənə qayıdıb. Onlar Azərbaycandan Ukraynaya təyin edilən iki çarter reysi ilə gəlib. Mart ayının 24-də 50, may ayının 14-də isə 200 azərbaycanlı vətənə təxliyyə olunub. Yaxın günlərdə Azərbaycandan daha bir çarter reysi gözləyirik. Növbəyə duranların əksəriyyəti Ukraynanın Kiyev və Xarkov şəhərlərində yaşayan həmyerlilərimizdir. Biz Ukraynada yaşayan həmvətənlərimizə mümkün olduğu qədər dəstək verməyə çalışırıq”.
DiasporPress.az