Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə “Karabakh is Azerbaijan!” Milli Platforması ilə birlikdə Kəlbəcərdə baş vermiş terror aktına etiraz olaraq aksiya keçirilib.
Aksiya çərçivəsində könüllülər və platforma üzvləri öz şəxsi elektron ünvanlarından Avropa ölkələrinin parlamentarilərinə, ABŞ konqresmenlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Müraciətdə 4 iyun 2021-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən media nümayəndələrinin və yerli icra nümayəndəsinin Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması diqqətə çatdırılıb.
Ümumilikdə, siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində 100 mindən artıq müraciət göndərilib.
Azərbaycanlı jurnalistlərin və yerli icra nümayəndəsinin mina partlayışı zamanı həlak olması ilə əlaqədar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Diaspor Gənclər Təşkilatları da beynəlxalq qurumlara müraciət ünvanlayıblar.
Azərbaycan Diaspor Gənclər (ADG) şəbəkəsi, Azərbaycan–İtaliya Gənclər Assosiasiyası (AİGA), Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyi (İtaliya), Azər–Türk Gənclər Təşkilatı (Finlandiya) və Şimali Amerika–Azərbaycan Gənclər Təşkilatlarının (ABŞ) yaydığı bəyanatda qeyd olunub ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi beynəlxalq humanitar qanunlara və konvensiyalara ziddir. Diaspor Gənclər Təşkilatları beynəlxalq qurumları və ictimaiyyəti minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verməsi məsələsi ilə bağlı Ermənistana təsir göstərməyə çağırıblar.
AIGA tərəfindən italyan dilində hazırlanmış bəyanat İtaliyanın məşhur beyin mərkəzlərinə də göndərilib.
DİASPORPRESS.AZ