Pandemiya qaydalarına uyğun olaraq, ayrı-ayrı qruplar şəklində Diasporla İş üzrə Dövlət Komitəsində toplaşan könüllülər öz şəxsi elektron ünvanlarından müxtəlif ölkələri təmsil edən avropalı parlamentarilərə, ABŞ konqresmenlərinə və beynəlxalq təşkilatlara müraciət ediblər. Qərb siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində göndərilən ümumilikdə yüz minlərlə müraciətdə Ermənistan sılahlı qüvvələrinin Azərbaycanın işğaldan azad edilmiş şəhər və kəndlərini viran qoyduqları, minalanmış əraziləri arxada buraxdıqları nəzərə çatdırılıb.
Təəssüflə qeyd edilib ki, Ermənistanın mina xəritələrini təhvil verməkdən imtinasının acısını 30 ilə yaxın məcburi köçkünlük həyatı yaşamış və müharibə sonrası doğma torpaqlarına can atan onlarla Azərbaycan vətəndaşı çəkir. Onların mina partlayışlarına məruz qaldığı, öldükləri və xəsarət alaraq əlilə çevrildikləri bildirilib. Bu prosesin Qarabağda yenidənqurma işlərinin aparılmasına, Azərbaycan vətəndaşlarının öz evlərinə qayıdışına, bölgədə uzunmüddətli barışın və sabitliyin bərqərar olmasına ciddi əngəl yaratdığı vurğulanıb.
Ermənistanın beynəlxalq humanitar hüquq prinsipini pozduğunu xatırladan Diaspor Könüllüləri beynəlxalq təşkilatları, avropalı və amerikalı parlamentariləri mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün rəsmi İrəvana təsir göstərməyə çağırış ediblər.
Xatırladaq ki, indiyədək diaspor könüllülərinin və azərbaycanlı gənclərin təşəbbüsü ilə sosial şəbəkələr üzərindən Azərbaycan həqiqətlərinə dair müxtəlif aksiyalar keçirilib. Aksiyalar zamanı Tovuz hadisələri, II Qarabağ savaşı, Xocalı soyqırımının 28-ci və 29-cu ildönümləri ilə bağlı həqiqətləri əks etdirən foto, video və digər məlumatlar paylaşılıb, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsi üçün ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, ümumilikdə 50-dən çox ölkənin millət vəkillərinə müraciətlər ünvanlanıb.
Diasporpress.az