Diaspor İnformasiya Mərkəzinin təşəbbüsü ilə Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə görüş keçirilib.
Diasporpress.az xəbər verir ki, görüş zamanı Azərbaycanda sülh və əmin-amanlıq şəraitində birgə yaşayan xalqların səmərəli əməkdaşlığına dair bir sıra məsələlər, eyni zamanda gələcəkdə birgə tədbirlərin təşkili müzakirə edilib.
Diaspor İnformasiya Mərkəzinin və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili Qərb və Şərq sivilizasiyaları arasında özünəməxsus körpü rolunu oynayan Azərbaycanın tarix boyu dünya mədəniyyətlərini bir-birinə qovuşduran unikal məkan kimi tanındığını, bu amilin Azərbaycan mədəniyyətində də mehriban qonşuluq, din azadlığı, millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinin əsasını qoymağa imkan yaratdığını qeyd edib.
Öz növbəsində STMEQİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Şaul Davıdov bu gün Azərbaycanda yaşayan bütün xalqların, çoxsaylı konfessiyaların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini qeyd edib.
“Azərbaycan bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq. Xeyir-şərimizdə bir olmuşuq. Dünyada elə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda qovuşdurub, doğma övladı kimi yaşatsın”, – deyə fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib.
Qeyd edək ki, görüşdə DAVAM gənclər hərəkatı sədrinin müşaviri Niyaz Əliyev, Dağ Yəhudiləri icmasının təmsilçisi Anar Davıdov, STMEQİ-nin Azərbaycan nümayəndəliyinin müavini Rolan Yusufov, STMEQİ-nin Azərbaycan nümayəndəliyinin və Dağ Yəhudilərinin Muzeyin nümayəndəsi Fuad Xaimov və gənclər iştirak ediblər.