Diaspor

Diaspor cəmiyyətlərinin amalı…

Diaspor cəmiyyətlərinin amalı…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın yaratdığı diaspor təşkilatlarından bu gün gözləntilərimiz daha çoxdur. Çünkü günümüzün reallıqları bu sahədə yeni yanaşmalar diqtə edir. Zamanın çağrışılarını düzgün qiymətləndirmək isə sabahkı uğur üçün bu gün əsası qoyulan əhəmiyyətli zəmindir. Diaspor quruculuğunda əsasən qardaş Türkiyə Cümhuriyyətindəki dərnəklərlə sinxron fəaliyyət göstərməyimiz əslində  coğrafiyanın genişlənməsinə əsas verir. Lakin dünyada diaspor təcrübəsini özündə ehtiva edən yəhudi, ukrayna, polyak və italyan cəmiyyətləri ilə də sıx əlaqədə çalışmağımız həm təcrübə, həm də münasibətlər baxımından faydalı ola bilər.

Nəzərə almaq lazımdır ki, orta əsrlərdən etibarən dünyaya səpələnmiş ermənilər diaspor amalı ətrafında birləşərək, xarici ölkələrdə möhkəm kök sala biliblər. Əgər ABŞ, Fransa, Livan, Argentina, Bolqarıstan, Rusiyada oturuşmuş erməni diasporu bəllidirsə, gözləmədiyimiz halda Almaniyada da pərdə arxası fəaliyyətləri ilə təşkilatlanıblar.

Tarixdən bəllidir ki, Osmanlı İmperiyası dövründə xüsusi ilə XX əsrin əvvəllərində pərakəndə ermənilər hər zaman İstanbulu qarışdırmağa çalışıblar. Son illər isə türklərin sıx məskunlaşdığı Almaniyada  “Deutsch – Armenischen Gesellschaft”  cəmiyyətini quraraq, “ADK” (Armenisch – Deutsche Korrespondenz) adı ilə nəşr olunan mətbu orqanı vasitəsi ilə öz məkrli planlarını həyata keçirirlər.

Ermənilərin “ADK” jurnalını təsis etməkdə əsas məqsəd təbliğatla yanaşı Almaniyada regional təşkilatların fəaliyyətini də əlaqələndirməkdir. İlk baxışdan sadə dizaynda nəşr olunan jurnalda erməni diaspor cəmiyyətinin müxtəlif mövzularda Dr. Friedemann Müllerin “Armenien in einem veranderten Umfeld Geostrategische Entwicklungen im Südkaukasus”,  Oliver Reisnerin “Das gegenwartige Dschamachetien”,  Herman Gröhe “Menschen rechte in der Turkei” , prof. Dr. Otto Luchtenhandt “Der Nordkaukasus – Eine für Russland verlorene Region”  mövzularında keçirilən konfrans və seminarlarda, hətta Almaniyanın keçmiş Xarici İşlər naziri, məşhur H-D. Genserin vaxtı ilə tədbirlərdə iştirakı da onların fəaliyyətinin dinamikliyindən xəbər verir. Türklərin və azərbaycanlıların sayca çox və sıx yaşadıqları Almaniyada erməni diaspor təşkilatlarının fəallığı təəssüf doğurur. “ADK” dərgisində von Rainer Freitag – Wirminghaus un Stabilitätspakt für den Südkaukasus – “ein Weg zum Frieden ?” geniş məqaləsində və ya von Dietrich Sperlingin “Bundestagsdelegation in Armenien” məqaləsində ermənilərə simpatiyalarını gizətmirlər.

Gəlin etiraf edək ki, Almaniyadakı diasporumuz  “Weltkonferenz Armenien 2000” Dünya konfransında səslənən fikirlərə, eləcə də Almaniyanın “Şpigel” jurnalında və ya “Frankfurter Allegemeine Zeitung” qəzetlərində dünənə kimi dərc olunan məqalələrə adekvat cavab verə bilmir.

Almaniyanın müxtəlif kitabxanalarında, eləcə də Tiflisdəki Höte Regional İnstitutunda tanınmış alman alim və mütəxəssislərinin ermənilər barədə yazdıqları xeyli sayda kitablar saxlanılır. Həmin kitablardan biri Wolfgang Gustun  “Der Völkermond an den Armenien 1915/16” kitabı Almaniya Xarici işlər nazirliyinin arxiv sənədləri əsasında yazılıb. Təəssüf ki, nə elmi ictimiyyət, nə də diaspor nümayəndələri bu nadir mənbəni araşdırmağa həvəs göstərmir. Halbuki biz bu yolla ermənilərə ideoloji cəbhədə tutarlı cavab verə bilərik.

Ossip Mendelstamin “Prosa , Notizbuch Gedichte. 1930 – 1933 və Die Presse nach Armenien” kitabları , Tessa Hoffmannın “Armenien Stein am Stein” kitabına Gəncədə doğulmuş Aleksander Yaskorskinin “Scwachen im Schwarzmeergebiet und im Kaukasus” kitabına təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi təkbaşına məşğul ola bilməz və bu məsələdə  AMEA-nın aidiyyatı institutlarının və strateji mərkəzlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərməklə bu işi həyata keçirə bilərlər və keçirməlidirlər. Dəfələrlə vurğuladığımız kimi, diaspor fəaliyyətinin tərkib hissəsi elmi əsaslara söykənməlidir. Elmi mənbələrə əsaslanan konsepsiyanın mahiyyəti güzgü kimi aydın görünməlidir ki, hədəfləri doğru-düzgün seçmək mümkün olsun.

Qarabağın işğaldan azad edilməsi və Azərbaycana qovuşması ilə başa  çatan Vətən müharibəsi ermənilərlə ideoloji savaşda mövqelərimizə yenidən nəzər salmağı aktual edir. 44 günlük müharibədə cərəyan edən prosesslərə Qərb mətbuatı  dini zəmindən yanaşmış və subyektiv mövqedən çıxış etmişdir. Bu məsələyə toxunan professor Qulu Məhərrəmlinin “Etnosun siyasi identikliyinin əsasında əxlaq dayanmırsa…” məqaləsi çox önəmlidir. Keçən ilin noyabrın 30-da dünyaca məşhur “Şpiqel” jurnalında Volfram Veymarın ürək yanğısı ilə kimsəsiz və baxımsız Ermənistan haqda “Dağlıq Qarabağ münaqişəsi: Qərb Ermənistanı niyə satdı?” (Berg- Karabach konflikt: “Warum Armenien vom Westen verraten sind?”) məqaləsinə Qulu Məhərrəmlinin söz ardı yazısı əsaslı arqumentlərə söykənir. Məqalədə Ermənistanın Türkiyə və Azərbaycan arasında sıxılmış xristian boltu kimi təsviri BBC-dən yayımlanan “Sənin orda nə işin var?” layihəsinə daha çox uyğun gəlir. Eyni zamanda Ermənistan prezidentinin oturduğu lojadan seyriçi kimi baş verənlərə tamaşa etməsinə bənzəyir.

Yuxarıda sadalanan məqalələrə istinadən həqiqətdən uzaq olan birtərəfli qaydada erməniləri müdafiə edən V.Veymar daha çox xristian dininin nümayəndəsi olduğunu təsdiqləyir. Düşünürəm görkəmli şairimiz Bəxtiyar Vahabzadənin dostu islamı qəbul etmiş Horst Əhməd Şmiede yaşasaydı Veymarı Köln şəhərində yerləşən möhtəşəm müsəlman camisinə dəvət edərək ona həqiqət dərsini keçərdi.

Onuda qeyd etmək istərdim ki, Veymarın yazısındakı erməni iztirabı sanki Frankfurt am Mayn şəhərində Hauptbahnhofun (Mərkəzi Dəmir Yolu Vağzalı) qarşı tərəfində yığışan kimsəsizləri xatırlatdı. O da hiss olunur ki, Veymar bu yazısını qələmə almamışdan öncə “Der Spiegel” jurnalında (16/2005) tarixli “Todesmarsche nach Aleppo” Klaus Wiegrefenin altı səhifəlik məqaləsindən yetərincə bəhrələnməsi hiss olunur. Belə ki, nüfuzlu Spiegel jurnalında məqaləyə geniş yer verilərək Azərbaycanın və Türkiyənin tarixi ərazilərinə qonaq gəlmiş pərakəndə ermənilərin başına gələn hadisələri məzlun və dilənçi obrazlarını canlandıraraq imdad diləməkdə davam etmələri təsvir olunur.

2008-ci ildə Almaniyada “Azərbaycan Mədəniyyət İli”nin açılışı ərəfəsində Frankfurter Allgemeine Sonntagszeitung qəzetində von Reinhard Vesser “Haftligein Freiheit” adlı məqaləsində Qarabağ münaqişəsinə yanaşmada nisbətən balanslı mövqe nümayiş etdirib. Müəllif xristian təəssübkeşliyini göstərmək üçün məqalənin fonunda erməni illüstrasiyasını canlandırmaqla sanki təskinlik tapıb.

Təəssüf ki, məqalələrin multikultural mühitdən, tolerantlıq dəyərindən, Qafqazın adət-ənənələrindən bixəbər jurnalistlərin yazması Avropa siyası dairələrin “Pərdə Arxası” ritorikalarından xəbər verir. Yəqin jurnalistlər ermənilərin Qafqaza gəlmə tayfa olduqlarını bilsəydilər onlara “ədalət donu” geyindirməklə özlərinin birtərəfli mövqeyini ifşa etməzdilər.  Reallıqla illuziya arasında nazik ipin qırılmasından ehtiyatlanan “ağıllı siyasətçilər” yəqin tarixi həqiqətləri də düşünərək, hər il 24 aprel tarixində ermənilərin imdadlarını kölgədə qoyacaqlar.

Əlbəttə yuxarıda sadalananlara layiqli cavab verən Alman-Azərbaycan Cəmiyyəti konseptual fəaliyyəti ilə daim diqqət mərkəzindədir. Belə ki, cəmiyyətin əsasən mədəni əlaqələr çərçivəsində keçirdiyi tədbirlərin mediada işıqlandırılması əməli işin məntiqi nəticəsidir. Nümunə üçün  qurumun təşkil etdiyi Kiel İqtisadiyyat Akademiyasında “Aserbaidschanische Wirtschaft für Transformationspores”  konfransı ərəfəsində Ulu Öndər Heydər Əliyevin “Wir sind ein Teil Europas” adlı müsahibəsi  “Wirtschaftswoche” İyun (1998) jurnalında tədbir öncəsi təşəbbüsümüzlə dərc olunması əhəmiyyətli idi. 2012-ci ilin avqustunda  “Spigel” jurnalında Heydər Əliyev Fondunun prezidenti  xanım Mehriban Əliyevanın fəaliyyətini əks etdirən “İqtisadi Möcüzələr olkəsi Azərbaycan Xəzər dənizinin sahilində müasirləşmənin güclü təmsilçisi” adlı məqalə isə geniş oxucu dairəsində maraqla qarşılanıb.

Almaniyada nəşr olunan Dr. Uli Rootfusun “Azərbaycan Odlar Yurdu”, Dr. İngrid Şindilbekin “Ailə, Din və Qohumluq” və tərəfimdən alman dilində yazılan “Azərbaycan-Almaniya qədim və müasir əlaqələr” kitabları  alman oxucularının daha çox müraciət etdikləri mənbələrdir.

Bəs ümumilikdə qloballaşan dünyada soydaşlarımızın davranışı necə olmalıdır? Həmçinin könüllü  diaspor sahəsi ilə məşğul olan soydaşlarımız  fəaliyyətlərini necə qurmalıdır?
Alman-Azərbaycan Cəmiyyəti tərəfindən hazırlanan və rəngarəngliyi ilə seçilən “Birlikde-Zusammen 30+30” kitab-kataloqu digər cəmiyyətlərin fəaliyyəti üçün  nümunəvi xaraker daşıya bilər. Digər tərəfdən nümunə üçün Almaniyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən Höte institutunun təcrübəsinə istinad etmək olar.

Düşünürük ki, ictimai-siyasi və media sahəsi ətrafında qurulan diaspora fəaliyyətini konseptual proqramla həyata keçirməklə gələcəkdə ədalət mənzərəsini təmin etmiş olarıq. Məhz tərəfimizdən hazırlanan konsepsiya Avropada beynəlxaq humanitar əməkdaşlıq missiyasını əhatə edə biləcək əhəmiyyətli təklif ola bilər.

Müasir dönəmdə vətənpərvərlik ruhunda böyüyən soydaşlarımıza istiqamət verərək, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal olmalarınıda tövsiyyə etməliyik. Bu baxımdan Diasporla İs üzrə Dövlət Komitəsinin yay məktəbləri, gənclərlə bağlı vebinar konfransları əhəmiyyətlidir. Bu haqda  Komitənin 2020-ci il may ayının 22-də təşkil etdiyi onlayn konfransında səsləndirdiyim fikir Gəncədə, Şəkidə, Qubada, Şuşada, Naxçıvanda, Lənkəranda belə yay məktəblərinin təşkili coğrafi baxımdan əhatəli olmasına dəlalət edir. Sanki səsləndirdiyim fikirdə xüsusən Şuşa şəhərinin adını çəkdiyim gün arzularımın çin olmasının başlanğıcı imiş.

44 gün davam edən Vətən müharibəsi günlərində 2020-ci il oktyabr ayının 18-də Almaniya Bundestaqının və Brandenburq Landtaqının deputatlarının Xankəndiyə qəfil qeyri-qanuni səfərləri və keçirdikləri mətbuat konfransı erməni diasporunun fəaliyyətinin nəticəsidir desək, yanılmarıq. Əlbəttə, tərəfimizdən Almaniya Bundestaqı sədrinə göndərilən məktub onların ünvanı səhv seçmələrinə tutarlı cavab idi.

Ümumilikdə Qarabağ zəfəri ərəfəsində diaspor fəallarının istər ABŞ-da, istər Kanadada, istərsə də Avropa ölkələrində apardıqları əməli işlər sonuçda mediada öz əksini layiqincə tapmamışdır. İstisna olaraq Fransada yaşayan soydaşımız Rza Diqqətinin səyi nəticəsində əldə olunmuş fotofaktlar beynəlxalq mediada öz əksini tapmışdır.

Diasporla iş üzrə Dövlət komitəsi xaricdə yaşayan Azərbaycanlıların uman məkanı sayılır ki, bu gündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırmağına xidmət edir. Qarabağda qəhrəmanlıq eposunu yazan ordumuz Ali Baş Komandanın rəhbərliyi və xalqın dəmir yumruq birliyi nəticəsində azad etdiyi ərazilərimiz, sonda dəniz səviyyəsindən təxminən 1500 metr hündürlükdə yerləşən Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarına bürünmüşdür. 44 günlük Vətən müharibəsində ürəkləri bizimlə döyünən Türk qardaşlarımız, başda Türkiyyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan sevdası hər birimizin qürur mənbəyidir.

Ölkəmiz qələbə əhval-ruhunda dəmir yumruq ətrafında birləşərək, dünyaya həqiqət səsini çatdırdı. Amerikadan uzaq Avstraliyaya qədər,  Avropadan Asiyaya kimi eşidilən “Qarabağ Azərbaycandır!”, “Zəfər”, “Qələbə” sözləri Vətən dili ilə hər bir soydaşımızın Ana sözü, məsləki, amalıdır.

Çingiz Abdullayev
Alman- Azərbaycan Cəmiyyətinin sədri, professor

DiasporPress.az