Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşları gömrük nəzarətindən keçən zaman özlərini şübhəli apardıqlarına görə saxlanılıb və şifahi sorğu-sual olunublar.
DGK-an verilən məlumata görə, sorğu-sual zamanı hər iki şəxs üzərlərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.
Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşların əynindəki şalvarın bel kəməri bağlanan yerin astarının altından ümumilikdə çəkisi 99 qram olan narkotik vasitə – tiryək aşkarlanıb.
Daha sonra daxili orqanlarının yoxlanması məqsədi ilə həkim müayinəsindən keçirilən vətəndaşlardan birinin daxili orqanı – düz bağırsağından sellofana bükülü 3 ədəd bükümdə 199 ədəd “metadon” adlı həb aşkarlanıb.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az