DiasporPress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Dahran şəhərində “Xalqların yürüşü” adlı tədbir keçirilib. 30 ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi tədbir ölkənin milli neft şirkəti olan “Saudi Aramco” şəhərciyində təşkil olunub.
Vətənimizi tədbirdə şirkətin azərbaycanlı əməkdaşları və onların ailə üzvləri təmsil ediblər. Altı azərbaycanlı ailəsinin təşkil etdiyi Azərbaycan guşəsində üçrəngli dövlət bayrağımız, müxtəlif süvenirlər və milli mətbəximizin şirniyyat nümunələri təqdim olunub. Milli geyimli soydaşlarımız iştirakçılara ölkəmizin tarixi, çoğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, turizm potensialı barədə ətraflı məlumat veriblər və qonaqları milli mətbəx nümunələrimizə qonaq ediblər.
Qeyd edək ki, hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti hesab olunan “Saudi Aramco” Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağına, o cümlədən 8,2 trilyon m3 təbii qaz ehtiyatlarına nəzarət edir.
DiasporPress.az