Ağ Evin nümayəndəsinin xahişi ilə respublikaçı senator Lindsi Qrem Osmanlı İmperiyasında qondarma “erməni soyqırımı”nı tanıyan qətnamənin Senatda qəbuluna mane olub.
Bu barədə “Axios” xəbər verib.
Bundan əvvəl Qrem bir senatorun qətnamənin bütün palata tərəfindən qəbul edilməsinə mane ola biləcəyi qaydasından istifadə edərək, Xarici İşlər Komitəsində baş demokrat Robert Menendezin qondarma “erməni soyqırımı”nın tanınması barədə qətnamənin qəbul edilməsi təklifinin qarşısını almışdı.
Portalın məlumatına görə, Qrem Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən ayrıldıqdan sonra Ağ Evin yüksək vəzifəli bir nümayəndəsi ondan Senata qayıtmasını və qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni blok etməsini istəyib.
“Görüşdən sonra bir araya gələrək baş verənlər barədə danışdıq”, – deyən Qrem Ağ Evin qanunverici məsələlər üzrə əməkdaşının Menendezin qondarma “soyqırımı” qətnaməsinə səs verəcəyini söylədiyini və Qremdən buna mane olub-ola bilməyəcəyini soruşduğunu bildirib.
“Mən “əlbəttə” dedim… Bunu eləməyimin yeganə səbəbi isə onun (Ərdoğanın) şəhərdə olmasıdır… Bunun üçün uyğun vaxt deyildi. Mən əgər mümkünsə, (ölkələr arasında) münasibətləri qorumaq istəyirəm”, – deyə Qrem vurğulayıb.
Qondarma “erməni soyqırımı”nın tanınması barədə qətnamə Türkyiənin ABŞ da daxil olmaqla, bir sıra ölkələrlə münasibətlərində məhək daşına çevrilib.
DiasporPress.az