Çinin XİN başçısına Azərbaycanın “Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı” təqdim olunub

Çin Dövlət Şurasının üzvü və Xarici İşlər naziri Van İ Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallını qəbul edib.

Çinin XİN başçısına Azərbaycanın “Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı” təqdim olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Dövlət Şurasının üzvü və Xarici İşlər naziri Van İ Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallını qəbul edib.

Bu barədə  Azərbaycanın Çindəki səfirliyindən məlumat verilib.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun salamlarını və xoş arzularını nazir Van İyə çatdıran Ə.Zeynallı, bu xoş fürsətdən istifadə edərək, Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin yaranmasının 70 illiyi münasibətilə həmsöhbəti təbrik edib.

Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini qeyd edən səfir, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə cari ilin aprel ayında Pekində keçirilən İkinci “Bir Kəmər, Bir Yol Beynəlxalq Əməkdaşlıq Forumu”nda iştirakını və Sədr Si Cinpinlə keçirdiyi ikitərəfli görüşü xatırladaraq, dövlət başçıları arasında əldə edilmiş razılaşmaların ikitərəfli əlaqələrimizi yeni mərhələyə yüksəltdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Ə.Zeynallı, münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkür edib, Azərbaycanın da “Vahid Çin” siyasətinə sadiq qaldığını bir daha təsdiqləyib.

Bu il Azərbaycanın Diplomatik Xidmət Orqanlarının yaradılmasının 100 illiyinin ölkəmizdə təntənəli surətdə qeyd edildiyini vurğulayan səfir Ə.Zeynallı, sözügedən yubiley münasibətilə Azərbaycan Milli Məclisinin qərarı ilə “Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı”nın təsis edildiyini və Azərbaycan-Çin ikitərəfli münasibətlərinin inkişafına töhfəsinə görə Çin Dövlət Şurasının üzvü və Xarici İşlər naziri Van İnin bu medala layiq görüldüyünü diqqətə çatdırıb. Daha sonra səfir yubiley medalını Van İyə təqdim edib.

“Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı”nı qəbul etməkdən məmnuniyyət duyduğunu qeyd edən Çin Dövlət Şurasının üzvü və Xarici İşlər naziri Van İ, yubiley medalı ilə təltif edilməsini iki xalq və ölkə arasında təşəkkül tapan dostluğun bariz nümunəsi kimi qiymətləndirib və bu yüksək təltifə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi özünün ən yaxın dostlarından biri hesab etdiyini qeyd edən Van İ, Sədr Si Cinpinin ən səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmasını səfirdən xahiş edib. Azərbaycan və Çinin bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını, mövqelərini qarşılıqlı olaraq dəstəklədiklərini qeyd edən Van İ, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə edib.

Cari ilin may ayında Azərbaycana rəsmi səfərini və səfər çərçivəsində Prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirən nazir Van İ, onun səmimi salamlarının nazir Elmar Məmmədyarova çatdırılmasını xahiş edib.

Görüş zamanı həmçinin Azərbaycan-Çin ikitərəfli münasibətlərinin gələcək inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.