Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Pekində, Tainanmen meydanında hərbi parad keçirilib. Paradda Çinin yeni nəsil silah və hərbi texnikaları ilk dəfə ictimaiyyətə təqdim edilib.
DiasporPress.az-ın xəbərinə görə, 15 min hərbçinin cəlb olunduğu paradda 160 hərbi təyyarə və 580 hərbi texnika nümayiş etdirilib.
Bu, Çin tarixində ən böyük hərbi parad olub.
Pekin paradda ən qabaqcıl raketlərini nümayiş etdirdikdən sonra Moskva Çinin müdafiə qabiliyyətini yüksəldən planlar barədə bəyanat verib.
Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında bildirib ki, Moskva ballistik raketlərin işə salınması haqqında xəbərdarlıq sistemləri qurmaqda Çinə yardım edib.
Soyuq müharibədən sonra yalnız ABŞ və Rusiyada belə sistemlər mövcuddur. Raket hücumu xəbərdarlıq sisteminə yerüstü radarlar və orbitə çıxan peyklər daxildir. Bu sistemlər qitələrarası ballistik raketləri dərhal aşkar etməyə imkan verir.
Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, ölkəsi Çinə yardım etdikdən sonra Çinin müdafiə qabiliyyəti əsaslı şəkildə yüksələcək.
Onun açıqlaması Vaşinqtonun Pekinlə apardığı ticarət müharibəsi fonunda Rusiya-Çin hərbi əməkdaşlığının yeni səviyyəsindən xəbər verir.
V.Putinin açıqlaması Çində reaksiyalara səbəb olub. Çinin “Weibo” sosial şəbəkəsinin bəzi istifadəçiləri iki ölkənin strateji əməkdaşlığının yeni mərhələsini alqışlayıblar.
Digərləri isə Çinin Rusiyadan belə bir hərbi yardıma ehtiyacı olduğuna şübhə ediblər.
Çinin hərbi paradda nümayiş etdirdiyi “DF-17” raketi səs sürətindən dəfələrlə yüksək sürətə malikdir. Bu raket kəskin manevrlər edə bilər ki, bu da ona qarşı müdafiəni olduqca çətinləşdirir.
Bu ilin avqustunda Çin və Rusiya ABŞ-ı qanadlı raket sınaqları keçirdiyinə görə ittiham edib.
Pentaqon isə nüvə başlığı daşıya bilən “Tomohawk” qanadlı raketləri əsasında hazırlanmış yerüstü raketin sınağı zamanı onun 500 kilometr uzaqlıqdakı hədəfi vurduğunu bəyan etdi.
Halbuki bu cür raketlərin istifadəsi 1987-ci ildə ABŞ Prezidenti Ronald Reyqanla SSRİ rəhbəri Mixail Qorbaçov arasında imzalanmış yaxın və ortamənzilli raketlərin ləğvi üzrə müqaviləyə ziddir.
Qeyd edək ki, müqavilə hər iki ölkənin mənzili 500-5500 km olan ballistik raketləri məhv etməsini şərtləndirirdi. Bu, hər iki ölkəni qəfil nüvə zərbəsi endirmək imkanından məhrum etmək məqsədi daşıyırdı.
ABŞ və Rusiya isə müqavilədən çıxdıqlarını bəyan ediblər.
DiasporPress.az