Çilidəki Adolfo İbanez adına Universitetin professoru Şəhriyar Nəsirovun https://spes.lat xəbərlər saytında Qarabağ həqiqətlərindən bəhs edən müsahibəsi dərc olunub.
“Odlar ölkəsindəki uşaq: Şəhriyar Nəsirovla söhbət” sərlövhəli müsahibəsində əslən Kəlbəcərdən olan, hazırda Çilidə yaşayan soydaşımız bildirib ki, Qarabağ bölgəsinin bir hissəsi olan Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınıb və ermənilərin “Arsax” adlandırdıqları qondarma qurum heç bir ölkə tərəfindən tanınmayıb. “Hər bir ölkənin sərhədlərinə və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə hörmət etmək vacibdir. Etnik qrupun ərazidə məskunlaşdırılması faktı həmin ərazinin müstəqil dövlət olduğu demək deyil. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan, Texasda yaşayan meksikalılar ABŞ vətəndaşlarıdırlar”, – deyə professor əlavə edib.
Soydaşımız müxtəlif etnik qrupların birlikdə sülh və barış içində yaşaya bilməsinin mümkünlüyünü nəzərə çatdırıb: “Azərbaycanda entik müxtəliflik həmişə mövcud olub. Hətta bir ailənin içində belə müxtəlif etnik qruplar var. Məsələn, mən azərbaycanlıyam, həyat yoldaşım rusdur, övladlarım çililidir”.
O, doğma Ağdaban kəndinin 1992-ci il aprelin 8-də erməni işğalına məruz qaldığını, ailəsinin bəzi üzvlərinin erməni silahlıları tərəfindən qətlə yetirildiyini, əsir götürüldüyünü, doğmalarının məcburi köçkün həyatının məşəqqətlərini yaşadığını xatırladıb, torpaqlarımızın işğaldan azad edilməsindən sonra bütün məcburi köçkünlərin, o cümlədən onun ailə üzvlərinin də Kəlbəcərə dönmək hazırlığına başladıqları, öz yurd-yuvalarını yenidən bərpa etmək istədikləri barədə danışıb.
Müsahibəni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://spes.lat/2021/04/un-nino-en-la-tierra-del-fuego-conversacion-con-shahriyar-nasirov/
Diasporpress.az