Bir neçə gün əvvəl Azərbaycan diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri baş tutdu. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor fəalları Azərbaycanın Mədəniyyət paytaxtını ziyarət etdilər.
Şuşaya yollanan soydaşlarımızdan biri Çexiyanın Plzen Konservatoriyasında təhsil alan 19 yaşlı skripkaçı Canel Nəcəflidir. Həyatda ən böyük arzusu Şuşada, Cıdır düzündə skripkada ifa etmək olan Canel, nəhayət, bu istəyinə çatdı. İndiyədək beynəlxalq və respublika müsabiqələrində 7 dəfə birinci olan, habelə müxtəlif festivallarda laureat adına layiq görülmüş istedadlı skripkaçı Cıdır düzündə xalq mahnsı“Ay Laçın”, Şuşa qalasının qarşısında “Sarı gəlin”i ifa etdi. Onun bu addımı böyük rəğbətlə qarşılandı.
Canel Nəcəfli hazırda Bakı Musiqi Akademiyasında Xalq Artisti, professor Zəhra Quliyevanın sinfində qiyabi formada, eyni zamanda Çexiyada Plzen Konservatoriyasında professor Roman Fedçukun sinfində əyani təhsil alır. Keçən il Çexiyada musiqi sahəsində “İlin adamı” mükafatına layiq görülüb. O, bu mükafata layiq görülmüş ilk azərbaycanlı və ilk xarici tələbədir.
Canel Nəcəfli müsahibəsində Şuşaya səfərlə bağlı təəssüratlarını bölüşüb.
– Canel xanım Şuşaya səfəriniz necə keçdi? Təəssüratınızı bilmək istərdik…
– 2019-cu ilin 27 sentyabrında “Azərbaycan müəllimi” qəzetində verdiyim müsahibəmdə skripkamın sədasının Şuşadan gəlməsi arzumu səsləndirmişdim, belə ki, ana tərəfdən əslən şuşalıyam və düz bir il sonra məhz bu tarixdə – 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğalçılardan azad olunmasına başlandı. 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı ilə qızıl tarix yazıldı. Hər bir şəhidimiz və onların ailələri qarşısında baş əyirik!
Şuşa səfərinin təşkilini və mənim də dəvət olunmağımı biləndə çox sevindim, dədə-baba yurdumu görmək mənə nəsib oldu, arzuma çatdım. Çox sevinirəm, çox qürurluyam. Bu səfərə imkan yaratdığı üçün dövlət başçımız, sevimli Prezidentimiz İlham Əliyevə, Dövlət Komitəsinin Sədri Fuad Muradova, həmçinin bütün diaspora əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.
Biz orada düşmənin törətdikləri vəhşilikləri gördük, təbiətə, evlərə vurduqları ziyanın şahidi olduq. Bu çox böyük günahdır məncə, amma azğın düşmən bunları anlamır, bu göz qabağındadır. Əgər bu torpaqları özününkü sayırdılarsa, bu cür vəhşilik törədilərdimi?
Şuşa səfərində iştirak edən hər birimiz yaşadığımız ölkələrdə gördüklərimizi, haqq səsimizi yaymağa çalışmalı, düşmənin etdiklərini bacardıqca daha çox insana çatdırmalıyıq.
– Dövlətin diaspor sahəsində gördüyü işləri necə qiymətləndirirsiniz?
– Mən bir müddətdir ki, diasporla əməkdaşlıq edirəm. Diaspor xaricdə yaşayan azərbaycanlıları araşdıran, onların gördükləri işlərlə maraqlanan, onları üzə çıxaran, onlara dəstək olan bir çox işlər həyata keçirir. Mən Çexiyada “İlin Adamı” mükafatına layiq görüldükdə diaspor nümayəndələri mənimlə əlaqə saxladılar, o zaman mən Azərbaycanda idim, məndən müsahibələr alındı, haqqımda paylaşımlar oldu. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Xocalı soyqırımı ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak etdim. Müharibə başlayanda Çexiyada idim, orada şəhidlərimizə həsr etdiyim “Şindlerin siyahısı” əsərini ifa etmişdim, həmin videoya 3 dildə Xocalı haqqında mətn hazırladım.
Aprel ayında MacFest tədbirinin iştirakçısı oldum. Bir neçə gün əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa səfərinə yollandıq. Buna görə ilk növbədə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, Diaspor Komitəsinin sədri Fuad müəllimə və diasporun bütün əməkdaşlarına təşəkkür edirəm.
-Son illər Azərbaycanın müxtəlif ölkələrdəki diaspor nümayəndələrinin fəaliyyətində aktivlik müşahidə olunur. Bu barədə nə deyə bilərsiniz?
– Dövlət Komitəsinin əməkdaşları mənim kimi gəncləri tapıb, onlarla maraqlanırlar. Bunu çox təqdirəlayiq bir iş kimi qiymətləndirirəm. Çünki Komitə ilə xaricdə yaşayan soydaşlarımızın əl-ələ verib ölkəmizi tarixi-mədəni cəhətdən dünyada tanıtması vacib addımdır. Bizim bunu tək etməyə tam gücümüz, qüvvəmiz yoxdur, ona görə də bu cür strukturların dəstəyi ilə daha çox işlər, təbliğatlar aparmaq olar. Ümid edirəm ki, görəcəyimiz işlər çoxdur, onları layiqincə həyata keçirəcəyik.
– Bəzi qüvvələr diaspor nümayəndələrinin Şuşaya gəlişini sanki istəmirdilər. Sizcə, belə qərəzli yanaşma nədən qaynaqlanır?
– Düşmən tərəfi, erməni işğalçıları öz torpaqlarımızda təşkil etdiyimiz çal-çağırın, tədbirlərin şahidi olurlar. Zənnimcə, bu onlara çox pis təsir edir. Olsun! Bəs Paşinyan bizim Cıdır düzümüzdə yallı gedəndə bizlərə necə təsir edirdi?! Halbuki biz öz torpaqlarımızda, onlar isə işğal etdikləri torpaqlarda idilər.
Cənab Prezidentimizin sözləri ilə desək: “Əziz Şuşa! Sən azadsan! Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa! Biz Səni dirçəldəcəyik!”.
Bizim hələ çoxlu səfərlərimiz olacaq, dövlət proqramları çərçivəsində qısa zamanda azad olunmuş ərazilərin abadlaşdırılması və əhalimizin həmin ərazilərə köçürülməsi baş tutacaq. Biz buna əmin olmalıyıq, çünki bizim İlham Əliyev kimi müdrik dövlət başçımız var və o, dünya şöhrətli siyasətçi, Ümummilli liderimiz Heydər Əliyevin davamçısıdır.
Bildiyiniz kimi, Şuşa mədəniyyət paytaxtı elan edildi və orada ilk Xarıbülbül festivalı keçirildi. Ümidlə və əminliklə deyə bilərəm ki, doğma torpaqlarımızda bu cür tədbirlərimiz daha çox olacaq. Mənim kimi gənclər də bu cür tədbirlərdə sevə-sevə iştirak edəcəklər.
Diasporla işlərimizi həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda davam etdirəcəyik. Bundan sonra əməkdaşlığımız daha sıx olacaq.
Diasporpress.az