Ölkə

Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əfqanıstan nümayəndə heyəti ilə görüşüb – FOTO

Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əfqanıstan nümayəndə heyəti ilə görüşüb – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının müşaviri Hamdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan ikitərəfli münasibətlərdən, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edib. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd olunub. Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən nazir, qardaş ölkənin siyasi dəstəyinin 44 günlük Vətən Müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb. Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyi bildirilib.

Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının müşaviri Hamdullah Mohib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilmiş görüşü məmnunluqla qeyd edib. O, iki ölkənin rəhbərləri arasında mövcud olan şəxsi münasibətlərin ikitərəfli münasibətlərin inkişafında xüsusi rol oynadığını bildirib. Qələbə münasibətilə Azərbaycanı təbrik edən Hamdullah Mohib, Əfqanıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Tərəflər, ölkələr arasında iqtisadi, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri, o cümlədən Lapis-Lazuli tranzit yolunun inkişafı, Transxəzər fiber optik rabitə xətti, eləcə də Əfqanıstanlı gənclərin Azərbaycanda təhsil almaq imkanları və digər mövzular üzrə fikir mübadiləsi aparıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

 

 

Diasporpress.az