Diasporla İş üzrə Dövlət Komitəsi 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən təsis olunub. Bu təsisat ilə Ümummilli Liderimizin müəyyənləşdirdiyi siyasi kurs istiqamətində ilk genişmiqyaslı işlərin təməli qoyuldu.
Diasporpress.az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Dünyada artıq 70-dən çox ölkədə müxtəlif növ istiqamətdə fəaliyyət göstərən diaspor qurumunun mövcud olduğunu bildirən Komitə sədri bunların ümumilikdə uzaqgörən siyasətin nəticəsi olaraq formalaşdığını, yumşaq güc rolunu oynadığını xatırladıb: “Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində torpaqlarımıza qayıtmışıq, amma 30 il bundan öncə bu məsələlər çox aktual idi və dünya ictimaiyyəti yeni texnologiyaların nəticəsi olan sosial şəbəkələrdə qlobal informasiya məkanında birləşməmişdi. Bizim üçünsə yaşadığımız ölkələrdə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırması çox vacib bir amil idi. Belə vaxtlarda Azərbaycan diasporunun təşkilatlanması, vahid məqsəd ətrafında birləşməsi olduqca vacib idi”.
Artıq dünyanın 51 ölkəsində birbaşa diasporun fəaliyyət göstərdiyini, 80-ə yaxın ölkədə Azərbaycan diaspor nümayəndəsinin olduğunu qeyd edən Komitə sədri Şuşada keçirilən Zəfər Qurultayından söhbət açıb, Prezident İlham Əliyevin ölkəmizin diasporunun əməyinə verdiyi qiyməti gələcək fəaliyyət istiqaməti üçün böyük stimul olduğunu bildirib: “Bu günə qədər 18 Azərbaycan evi açılıb və bu proses bütün dünyada davam edir. Eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şənbə-bazar məktəbləri fəaliyyət göstərir. Biz inanırıq ki, ilin axırına qədər bu məktəblərin sayı iki dəfə artacaq”.
Azərbaycan dövlətinin imkanlarının genişliyindən və informasiya mübarizəsində diasporla müntəzəm, intensiv çalışan ekspertlərin çox fəal olduğundan danışan F.Muradov hər bir diaspor təşkilatının ölkəmizin apardığı mübarizədə rolunu qeyd edib: “Son dörd ildə 30-dan çox missiyanın bizim diaspor nümayəndələri tərəfindən işğaldan azad olunmuş torpaqlara səfəri təşkil olunub, bu səfərlərin çərçivəsində həm ekspertlər, həm də tarixçilər, jurnalistlər reallığı görərək dünyaya çatdırıblar. Eyni zamanda, diasporun qazandığı nailiyyət Müzəffər Ali Baş Komandanımızın, Azərbaycan xalqının Qələbəsinin nəticəsidir”.
Qəhrəman şəhidlərimizin, əsgərlərimizin Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamasında, bərpasında çox mühüm işlər gördüyünü, hər ay diaspor nümayəndələrimizin xarici ölkələrdə keçirdiyi tədbirlərə şəhid ailələri və qazilərin dəvət olunduğunu vurğulayan Fuad Muradov qarşıda xeyli işlərin olduğunu bildirib: “Dövlətimizin başçısı tərəfindən Şuşa şəhərindəki Zəfər Qurultayında bir neçə istiqamətin vurğulanması bizim üçün yol xəritəsidir”.
Gənclər üçün yay məktəblərinin təşkilinin zərurətə çevrildiyini deyən Komitə sədri belə məktəblərdən birinin bu il avqustun 2-8-də Şuşa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutacağını qeyd edib.