Nə möhtəşəm tarix yazdın dəftərə,
Oxunacaq, deyiləcək min kərə.
Adımızı ucaltmısan göylərə,
Bütün Qafqaz dağlarından görünür.
M.Nağıqızı
Bizlər hər birimiz öz həyatımızla Vətən tarixinin bir hissəsini yaşayırıq. Yaşadığımız bu tarixi hissənin dəyəri əməllərimizdən, Vətənə, torpağa olan sevgimizdən qaynaqlanır. Bu dəyər artdıqca Vətən tarixində izimiz də artır. Kimimiz alim kimi, kimimiz əsgər kimi, kimimiz şair kimi, kimimiz Şəhid kimi iz salırıq Vətən tarixində. Əslində bəzi izlər var ki, Vətən tarixində, xalqın yaddaşında ömürlük həkk olunur, daha dəyərli olur, daha qürurlu olur, daha fərqli olur. Bunlar qəhrəmanların izləridir. Öz həyatlarını, qanlarını, canlarını, sevdiklərini, doğmalarının göz yaşlarını, arzularını, xəyallarını, gələcək günlərini Vətənə qurban verənlərdir qəhrəmanlar. Həm də düşünmədən qəhrəman olmağı seçənlərdir onlar!
Azərbaycan üçün, Vətən torpaqlarının azadlığı üçün canlarından keçən qəhrəmanlarımızı tanımaq, onların həyatları haqqında hətta bir kəlmə belə məlumata sahib olmaq bizlər üçün böyük fəxr hissidir. Bu gün haqqında söz deməyə borclu olduğumuz minlərlə Vətənə qurban canlar, həyatlar var. Onlardan da biri Məmmədov Ürfan Çingiz oğludur.
Məmmədov Urfan Çingiz oğlu 28 iyun 1994-cü ildə Quba rayonu Çartəpə kəndində anadan olub. Doğulduğu ailədə mehribanlığı, səmimiliyi valideynlərinə, bacı və qardaşına bağlılığı onu hədsiz sevdirib.
Orta təhsilini Quba rayonu Çartəpə kənd əsas məktəbində alıb, daha sonra Nəsib Dadaşov adına Aşağı Xuc kənd tam orta məktəbində davam etdirib. Təhsil aldığı müddətdə öz qabiliyyəti, davranışı, qoçaqlığı, mədəniyyəti ilə yoldaşlarına örnək olub. 2011-ci ildə Nəsib Dadaşov adına Aşağı Xuc kənd tam orta məktəbini bitirib, hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirsə də, hərbidə qalmağı seçib və 2016-ci ildə gizir kimi Vətənə xidmətini davam etdirib. N saylı hərbi hissədə tağim komandiri vəzifəsinə qədər yüksəlib. Bütün bu xidmətdə olduğu illər ərzində Vətənə məhəbbəti, torpağa məhəbbəti ilə seçilib, məhz buna görə də torpaqları işğal altında olan ölkənin vətəndaşı kimi həyatını hərb sahəsində davam etdirməyi qərara alıb. Onun bu sahəyə məhəbbəti həm də ailədə formalaşıb ki, hər zaman Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin azadlığı uğrunda 1994-cü ildə 13 yanvar tarixində şəhid olan əmisi Məmmədov Mayis Əzəmməd oğlunun qəhrəmanlıqlarına aid məlumatları dinləyərək böyüyüb Ürfan.
2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində ön cəbhədə qəhrəmanlıqla döyüşərək, düşmənə qarşı mübarizə aparıb, torpaqlarımızın işğaldan azad edilməsi üçün canını, qanını əsirgəmədən irəli atılıb, Tallş və Suqovuşan kəndlərindəki döyüşlərində iştirak edib, 28 sentyabr tarixində qəhrəmancasına Şəhid olub. Bu gün Şəhidlik onu bizlər üçün qəhrəmana çevirdi. Əslində hər zaman Vətəni hər şeydən daha çox sevdiyini düşünən Ürfan üçün qəhrəmanlıq, şücaət bir alın yazısı idi.
Məhz buna görə də Ürfan da özünün gələcəkdə bir qəhrəman olacağını sanki hiss etmişdi ki, bu səbəbdən də statusunda həmişə bu cümlə vardı: “Mən öz əcəlimlə ölməyəcəm!” Çünki qəhrəmanlar ölmürlər Ürfan!
Əslində, həyat elə bir sirli aləmdir ki, bir çox hadisələrin, yaradılışların müxtəlif təzahür formaları var.
Məsələn, insan adlı varlıq dünyada yaranandan milyardlarla sayı var və təbii ki, milyardlarla bir-birinə xasiyyətcə, xarici görünüşcə bənzəməyən insanlar bu dünyadan gəlib keçib.
Məsələn, sevgi adlı hiss insanların bir-birlərinə, ailəyə, hətta həyatın özünə də hər insanda fərqli təzahür edib və edir.
Lakin bu həyatda bir sıra dəyərlər vardır ki, bu dəyərlərə sahib olmaq insanları birləşdirir. Bu dəyərlərimiz bizləri qəhrəmanlara çevirir və ya həmin qəhrəmanları tanıyan insanlara… Mən və bütün onu tanıyanlar sözün həqiqi mənasında Ürfan kimi qəhrəman oğullarla fəxr edirik, bütün azərbaycanlılar da Ürfanlarla fəxr edir, onları ürəklərində yaşadır, yaşadacaq da.
Həyat yaşamımız 100 il civarında bilolji bir zamana bağlı olsa da, bizlər hər birimiz ölümsüz olmağı daha çox arzulayırıq. Əslində hər birimizin ömür payı neçə yaşımızda bitməyindən asılı olmadan özümüzə az gəlir. Ömür yolunu müəyyən müddət sonra başa vurduqda insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq. Allah, vətən və xalq yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.
Dəyərli qəhrəmanlarımız! Ölümsüz qəhrəmanlarımız! Sizlərlə nə vaxtsa eyni havanı udduğumuza, eyni səmaya baxdığımıza, eyni məktəbdə təhsil aldığımıza, eyni Vətəni sevdiyimizə görə qürur duyuruq!
Allah şəhidlərimizə rəhmət etsin, onları unutmayacağıq! Ruhları qarşısında baş əyirik.
Aysel Şeydayeva
ADPU-nun Quba filialının tərbiyə işləri üzrə direktor müavini
Diasporpress.az