Diaspor

Birgə işin nəticəsi: Ukrayna sınağından üzüağ çıxan diasporumuz

Birgə işin nəticəsi: Ukrayna sınağından üzüağ çıxan diasporumuzbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 4 aydan çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi Ukraynada yaşayan digər millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlıları da ciddi narahat edir. Müharibəyə qədər Ukraynada yaşayan azərbaycanlıların sayı beş yüz min nəfərdən çox idi. Bu qədər insanın taleyi, onların təxliyəsi, təhlükəsiz ərazilərdə yerləşdirilməsi, qidalanma və digər problemlərin həlli vacib idi.

 

Azərbaycan dövləti müharibənin ilk günündən hərəkətə keçərək, Ukraynadakı soydaşlarımıza kömək əlini uzatdı. Bu işdə üzərinə böyük məsuliyyət düşən Azərbaycan diasporu müharibənin odlu-alovlu günlərində həmvətənlərimizin yardımına yetişdi. Ukraynanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatları səfərbər olunaraq, azərbaycanlıların döyüş bölgələrindən çıxarılmasında əsl fədakarlıq nümayiş etdirdi.

 

 

Bu barədə Modern.az-a danışan Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov diaspor təşkilatlarının Ukraynadakı müharibə zamanı fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.  O, Diaspor Komitəsini 20 illik yubiley münasibətilə təbrik edərək, Ukraynadakı soydaşlarımıza göstərilən yardıma görə minnətdarlığını bildirib.

 

Baş katibin sözlərinə görə, müharibə başlayandan bəri Ukraynada fəaliyyət göstərən diaspor təşkilatları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə burada yaşayan azərbaycanlıların əsas dayaq məntəqələrinə çevrilmişdi:

 

“Müharibə başlayan ilk günlərdən Ukraynada fəaliyyət göstərən diaspor təşkilatların qarşısına qoyduğu əsas məsələlər soydaşlarımızın təxliyəsi, onlara humanitar yardımın çatdırılması, Ukraynada vuruşan azərbaycanlıların vəziyyətinin diqqətdə saxlanılması və digər məsələlər idi. Bütün bu işlər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilirdi.

Biz artıq müharibə başlayandan bir neçə gün sonra azərbaycanlıların digər sərhəd ölkələrə – Moldova, Polşa, Slovakiya və Macarıstana təxliyəsinə başlamışdıq. Müharibə başlayandan bəri 15 000-dən çox azərbaycanlı Ukraynadan təxliyə olunub. Təxliyə işləri Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Ukrayna Azərbaycanlıları Konqresinin sədri, UAR-ın həmtəsisçisi Oleq Krapivinin və Ukrayna Azərbaycanlıları Radasının birgə fəaliyyəti nəticəsində mümkün oldu. Bunun nəticəsi olaraq Dünya Azərbaycanlılarının Şuşada keçirilən qurultayında Azərbaycan Prezidenti Oleq Krapivinin fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etdi”.

 

 

Ceyhun Məmmədov vurğulayıb ki, azərbaycanlıların ən çox təşkilatlandığı ölkələrdən biri məhz Ukraynadır:

 

“Biz bunu münaqişə yaşanan zaman əyani şəkildə gördük. Ukraynanın elə şəhərləri var ki, orada iki-üç təşkilat, mədəniyyət mərkəzi, Azərbaycan məktəbi fəaliyyət göstərir. İndi də Rusiya-Ukrayna müharibəsi zamanı görürük ki, bizim təşkilatlar necə yüksək səviyyədə çalışır. Ukrayna Azərbaycanlıları Radasına (UAR) daxil olan, Diasporla İş üzrə Dövlət Komitəsinin koordinasiyası ilə birlikdə hərəkət edən insanlar necə böyük fədəkarlıqlar göstərib, böyük işlər görürlər.

 

Bu günə qədər minlərlə soydaşımızın təxliyəsi həyata keçirilib. Hər gün yüzlərlə insan vətənə təxliyə edilib, yerdə qalanları qida və qalmağa yerlə təmin edilirdi. Bu işlərin hamısı Ukraynanın müxtəlif bölgələrində yerləşən diaspor təşkilatları ilə birgə həyata keçirilib.

 

İlk günlər ərzində bizə 500-ə yaxın zəng olurdu. Bunların hamısını səbrlə cavablayırdıq. Qarşımıza çıxan ən böyük problemlərdən biri vətəndaşların sənədlərinin qaydasında olmaması idi. Ya sənəd yoxdur, ya zamanı bitib, ya da itirib. Ancaq çalışırdıq ki, problemləri tez həll edək. Hər gün təqribən 150-200 nəfəri dəmiryol vağzalına yönləndirirdik.

Martın 4-dən etibarən qatarlar pulsuz işlədiyinə görə Kiyevdə əsasən soydaşlarımızı dəmiryol vazğalına yönləndiririk. Oradan da qərb bölgələrinə gedirdilər.

 

Azərbaycan tərəfindən Ukraynaya edilən yardımlarını diqqətdə saxlamaq lazımdır. İlk dəfə olaraq Azərbaycan Prezidenti tərəfindən 5 milyonluq humanitar yardım və tibbi yardım maşınlarının pulsuz yanacaqla təmin edilməsi Ukraynaya edilmiş real yardım idi.

 

Ukrayna Azərbaycanlıları Radasının regionlarda olan nümayəndələri müharibə başlayan ilk gündən bu günə qədər Ukrayna xalqının yanındadır və bütün proseslərdə yaxından iştirak edir. Eləcə də Komitənin Ukraynaya tibbi və humanitar yardımlarına da diqqət yetirmək lazımdır.  Bundan başqa döyüş şəraiti zamanı vəfat edən soydaşlarımızın nəşinin ailələrinə çatdırılması çətin olsa da, həyata keçirildi”.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov qeyd edib ki, diaspor nümayəndələri Ukrayna ordusuna təkcə humanitar yardım göstərmir, həmçinin əsgərlər üçün qan da verirlər:

 

“Qanvermə aksiyasına UABD-nin Ukraynanın digər vilayətlərində fəaliyyət göstərən nümayəndəliklərinin üzvləri də qoşulurlar. Biz Ukraynaya hərtərəfli kömək edir, Ukrayna xalqının bir hissəsi olduğumuzu əməli işlərimizlə sübuta yetiririk. Azərbaycan diaspor fəalları Ukrayna ordusuna, habelə, müharibədən əziyyət çəkən dinc əhaliyə maddi yardımlar göstərir”.

 

Hikmət Cavadov Komitəni yubiley münasibətilə təbrik edərək, fəaliyyətində yeni uğurlar arzuladığını söyləyib.

 

Bundan əlavə, Ukrayna təmsilçiləri də bu ölkəyə göstərilən yardımlara görə, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür ediblər.

Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, keçmiş ictimai xadim, hazırda döyüşdə iştirak edən Dmitro Kulibaba Komitəyə müharibə zamanı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. O, Azərbaycanın çətin zamanda Ukraynanın köməyinə çatdığını, bu işdə Diaspor Komitəsinin böyük işlər gördüyünü vurğulayıb.

 

 

Ümumilikdə isə son illərin müşahidəsi göstərir ki, dünya azərbaycanlılarının bir-birinə bağlılığı, həmrəyliyi, istiqanlığı daha da güclənir. Bunu planetimizi bürüyən pandemiya bəlasına qarşı müharibə və Azərbaycanın şanlı qələbəsininin dünyaya çatdırılması işində aydın şəkildə gördük. Artıq bütün dünyada azərbaycanlılar harada yaşamasından asılı olmayaraq öz sözünü deməyi, xarici ölkələrdə birliyini nümayiş etdirməyi bacarır.

 

Son günlər Ukraynada baş verən hadisələr də bunun əyani sübutudur. Müharibə şəraitində Azərbaycan Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti bu məsələdə öz əvəzsiz bəhrəsini verib. Bir çox ölkələrdən fərqli olaraq Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi, vətəndaşlarımızın üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində çox böyük işlər görülüb.

 

Dövlət başçısının tapşırığına əsasən XİN və Diasporla İş üzrə Dövlət Komitəsi gücləndirilmiş rejimə keçərək, Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə qoruyub. Bu xüsusda Azərbaycan Evlərinin xidmətini də xüsusilə qeyd etmək lazımdır. Ukraynadan təxliyə olunan soydaşlarımız qonşu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərinə yerləşdirilməkdə dövlət qayğısı ilə əhatə olunublar.