Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair Azərbaycanın bir qrup QHT nümayəndələri bəyanat yayıb.
Bəyanatda deyilir:
Biz “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi” istiqamətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq 04 avqust 2022-ci ildə günorta saatlarında Londondakı Azərbaycan səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və səfirlik binasına qarşı olan hərəkətləri həm Böyük Britaniyanın imicinə, həmçinin beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu bəyan edirik.
Hadisədən artıq 1 həftədən çox vaxt keçməsinə baxmayaraq Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ancaq 05 avqust tarixində bir açıqlama verib. Bu açıqlamada isə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Azərbaycanın London səfirliyinə daxil olan “etirazçıların hərəkətlərini pislədiyi”ni və bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirib. Hadisə baş verəndən bir gün sonra verilən bu açıqlamada hadisəni törədənlərin kim olduğunu Böyük Britaniya hökuməti hələ də “müəyyənləşdirə bilməyib” və onları sadəcə olaraq “etirazçılar” adlandırıb. Baş verən hadisənin “vandalizm aktı” olduğu, Azərbaycan Bayrağına qarşı törədildiyi və polislərin gözü qarşısında baş verdiyi halda niyə “etirazçılar” kimi təqdim olunduğu çoxlu suallar doğurur. Hadisə ilə bağlı xəbərdarlıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniyanın aidiyyəti qurumlarının diqqətinə çatdırılsa da hələlik Böyük Britaniya hökuməti tərəfindən ciddi bir açıqlama verilməyib. Məlumat üçün bildirir ki, 18 aprel 1961-ci ildə qəbul edilmiş “Diplomatik əlaqələr haqqında Konvensiya”nın 22-ci maddəsinə əsasən “Nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir”.
Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, Azərbaycan səfirliyinə hücumun məsuliyyətini Böyük Britaniya bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatçılığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan Hökumətinə və xalqına məlumat verməlidir.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” ictimai birliyi – Toğrul Allahverdiyev
“Avropaya Inteqrasiya Mərkəzi” ictimai birliyi – Şəhriyar Məcidov
“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyi- Radə Abbas
“Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi- Orxan Əlixanlı
“Azərbaycan – Bolqarıstan Dostluğunun İnkişafına Yardım” ictimai birliyi- Mariya Hüseynova
Sosial- Iqtisadi və Ekoloji İnkişaf ictimai birliyi – Rəhilə Mehtiyeva
“Elmi Araşdırmalar” ictimai birliyi – Telman Qasımov
“Mediada İnnovativ Təşəbbüslərə Dəstək” ictimai birliyi – Müşfiq Ələsgərli
“Azərbaycan-Amerika Gəncləri” ictimai birliyi – Vüqar Əhmədov
“Çıraq” Humanitar və İnkişaf ictimai birliyi – Nadir Cəfərov
“Əqli Mülkiyyətçilərə Kömək” ictimai birliyi – Əfqan Qafarov
“Ziyalı Ocağı” ictimai birliyi – İlahə Əliyeva
“Beynəlxalq Dialoq və İnkişaf Alyansı” ictimai birliyi – Nüşabə Məmmədova
“Sakura” Azərbaycan-Yaponiya ictimai birliyi – Təranə Hüseynova
“Sönməz Məşəl” Mədəni Əlaqələr ictimai birliyi – Şəhla Nağıyeva