Bakıda bir kişi qohumunu silahla hədələyərək qaçırıb.
Bu barədə hüquq-mühafizə orqanlarının mənbələrindən məlumat verilib.
Əvvəllər soyğunçuluqda ittiham olunan Ramin Mirzəyev polisə şikayət edib. Onun sözlərinə görə, ötən gün saat 01:00 radələrində Atatürk prospektində əmiuşaqları A.M. və A.M., eləcə də, naməlum şəxs onu silahla hədələyərək “LADA Priora” markalı minik avtomobilinə mindirib, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə aparıb.
Daha sonra təcavüzkarlar R.Mirzəyevin 24 yaşlı qardaşı Rəşadla əlaqə saxlayıb. Onlar girovu yalnız 13000 manat təzminat aldıqdan sonra sərbəst buraxıblar.
Sərbəst buraxıldıqdan dərhal sonra kişi polisə şikayət edib.
Hazırda 6-cı Polis Bölməsinin əməkdaşları hədə-qorxu yolu ilə pul tələb etmə faktını araşdırır.
Hələlik saxlanılmadıqlarından şübhəli şəxslərin adları açıqlanmır. Cinayətin detalları aydınlaşdırılır.
Diasporpress.az