Bakıda arvadını bıçaqlayan şəxs həbs edilib.
DiasporPress.az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə əri tərəfindən xəsarət yetirilmiş qadının xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayılıb.
Belə ki, oktyabrın 25-də saat 16 radələrində 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzərə Rövşən qızının kəsilmiş-deşilmiş xəsarətlə müalicə müəssisəsinə yerləşdirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla Rafail Tanrıverdiyevin yaşadıqları evdə ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Mənzərə Tanrıverdiyevaya xəsarət yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.
R.Tanrıverdiyev müdafiəçinin iştirakı ilə dindirilərkən həyat yoldaşına bədən xəsarəti yetirməsini etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
DiasporPress.az